İsrail mətbuatı GÖKDOĞAN və BOZDOĞAN raketlərini təhlil edib

2026/05/1780069851.jpg
Oxunub: 485     19:40     29 May 2026    
İsrailin “Maariv” qəzeti TÜBİTAK SAGE tərəfindən hazırlanmış GÖKDOĞAN və BOZDOĞAN “hava-hava” raketlərini təhlil etdiyi məqaləsində Türkiyənin yerli raket proqramında mühüm mərhələni geridə qoyduğunu yazıb.

Ordu.az nəşrə istinadən xəbər verir ki, hər iki raket döyüş başlıqlı atış sınaqlarını uğurla başa vurub və seriyalı istehsaldan əvvəlki son təsdiqləmə mərhələsini keçib.

Məqalədə qeyd olunub ki, GÖKDOĞAN və BOZDOĞAN layihələri yalnız yeni sursat proqramı deyil, həm də Türkiyənin müdafiə sənayesində müstəqillik hədəfinin mühüm elementlərindən biridir.

Nəşr vurğulayıb ki, GÖKDOĞAN raketi ABŞ istehsalı olan AIM-120 AMRAAM, BOZDOĞAN isə AIM-9 “Sidewinder” raketinə alternativ olaraq hazırlanıb. 2013-cü ildə başlanmış GÖKTUĞ Layihəsi çərçivəsində yaradılan hər iki raketin Türkiyə Hərbi Hava Qüvvələrinin “hava-hava” sursatlarında xarici asılılığını azaltmaq məqsədi daşıdığı bildirilib.

İsrail mətbuatının məlumatına görə, raketlərin ilk mərhələdə F-16 “Fighting Falcon” qırıcılarına inteqrasiya edilməsi planlaşdırılır. Gələcəkdə isə onların Türkiyənin yeni nəsil hava platformalarında da istifadə olunacağı gözlənilir.

Bu çərçivədə KAAN Milli Döyüş Təyyarəsi və “Bayraktar” KIZILELMA pilotsuz döyüş təyyarəsinin də GÖKDOĞAN və BOZDOĞAN raketləri ilə təchiz olunması nəzərdə tutulur.

Məqalədə xatırladılıb ki, GÖKDOĞAN raketi 2025-ci ildə “Bayraktar” KIZILELMA platformasından buraxılaraq reaktiv mühərrikli hava hədəfini uğurla məhv edib. Bu sınaq nəticəsində KIZILELMA “görüşdənkənar məsafədə” “hava-hava” raketi ilə hava hədəfini vuran ilk pilotsuz döyüş təyyarəsi kimi tarixə düşüb.

Sınaq zamanı hədəf ASELSAN tərəfindən hazırlanmış MURAD AESA radarı vasitəsilə aşkarlanıb və GÖKDOĞAN raketi ilə məhv edilib.

GÖKDOĞAN raketinin əsas xüsusiyyətləri arasında bərk cisimli aktiv radar axtarış başlığı texnologiyası, “atdım-unutdum” idarəetmə qabiliyyəti, məlumat bağlantısı vasitəsilə hədəfin yenilənməsi, radioelektron mübarizə vasitələrinə qarşı yüksək davamlılıq, bütün bucaqlardan atış imkanı, eyni vaxtda bir neçə hədəfə kilidlənmə və buraxılışdan sonra hədəfə kilidlənmə funksiyası yer alır.

Qeyd olunur ki, GÖKDOĞAN F-16 “Fighting Falcon” qırıcılarından istifadə edilə biləcək şəkildə hazırlanıb və Türkiyə Hərbi Hava Qüvvələrinin hava üstünlüyü imkanlarına töhfə verməsi nəzərdə tutulur. Qısamənzilli və görmə xətti daxilində istifadə olunan BOZDOĞAN “hava-hava” raketi də əvvəlki sınaqlarda hədəfi ilk atışda dəqiq vurub.

Sınaq zamanı F-16 “Fighting Falcon” qırıcısından buraxılan BOZDOĞAN TUSAŞ tərəfindən hazırlanmış “Şimşek” hədəf təyyarəsini birbaşa zərbə ilə məhv edib. Yüksək manevr qabiliyyətinə malik BOZDOĞAN raketinin əsas texniki xüsusiyyətləri sırasında infraqırmızı təsvirləyici axtarış başlığı, 25 kilometr mənzil, “4 Mach”dan yüksək sürət və 140 kiloqram çəki yer alır.

“Maariv” nəşri hesab edir ki, GÖKDOĞAN və BOZDOĞAN raketlərinin silahlanmaya qəbul edilməsi Türkiyənin hava döyüş imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Müəllifin fikrincə, KAAN və KIZILELMA kimi yerli platformalarla birlikdə istifadə olunacaq milli “hava-hava” raketləri Türkiyənin hava gücünə yeni ölçü qazandıracaq və müdafiə sənayesində texnoloji müstəqillik hədəflərinə töhfə verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   GÖKDOĞAN   BOZDOĞAN  


Bizi "telegram"da izləyin