Aİ Orbanın gedişindən sonra Macarıstan üçün 16,4 milyard avroluq məhdudiyyəti ləğv edəcək

2026/05/1780067735.jpg
Oxunub: 355     19:02     29 May 2026    
Macarıstanın yeni hökumət dövründə islahatların həyata keçirilməsi istiqamətində əldə etdiyi irəliləyiş Avropa Komissiyasına əvvəllər dondurulmuş 16,4 milyard avroluq vəsaiti bərpa və regional inkişaf fondlarından ayırmağa imkan verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

“Reuters” agentliyinin məlumatına görə, fon der Lyayen Macarıstanın baş naziri Peter Macarla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Avropa İttifaqı “Next Generation EU” bərpa fondundan 10 milyard avronu, həmçinin regional inkişaf fondlarından 4,2 milyard avronu blokdan çıxaracaq.

Bundan əlavə, qalan islahatlar tamamlandıqdan sonra daha 2,2 milyard avro ayrılacaq.

“Mən təsdiq edə bilərəm ki, söhbət “Next Generation EU” fondundan artıq blokdan çıxarılmış və ya yaxın vaxtlarda blokdan çıxarılacaq 10 milyard avrodan gedir. Bundan əlavə, birlik fondlarının şərtlilik mexanizmi çərçivəsində 4,2 milyard avro və akademik azadlıqla bağlı daha 2,2 milyard avro ayrılacaq. Ümumilikdə söhbət 16,4 milyard avrodan gedir”, - deyə Ursula fon der Lyayen bildirib.

“Bu, çox böyük məbləğdir, lakin Macarıstan xalqı buna layiqdir. Görülən müstəsna işə görə bir daha böyük təşəkkürümü bildirirəm”, - deyə o əlavə edib.

Avropa İttifaqının vəsaitləri faktiki olaraq son üç ilə yaxın müddətdə durğunluq yaşayan Macarıstan iqtisadiyyatının yenidən canlandırılması üçün olduqca vacib hesab olunur.

Yeni hökumət artan büdcə kəsiri ilə üzləşib.

Avropa Komissiyasının qiymətləndirməsinə görə, 2026-cı ildə büdcə kəsiri ÜDM-in 6,2 faizinə çata bilər. Buna səbəb kimi keçmiş baş nazir Viktor Orbanın ötən ay keçirilən seçkilərdən əvvəl həyata keçirdiyi genişmiqyaslı xərclər göstərilir. Həmin seçkilərdə Orban məğlub olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Orban   Macarıstan  


Bizi "telegram"da izləyin