Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bəyanat Rusiyaya məxsus pilotsuz uçuş aparatının Rumıniyada yaşayış binasının üzərinə düşməsindən sonra verilib.
Hadisə Ukrayna sərhədindən uzaq olmayan Qalats şəhərində baş verib. Rumıniya hakimiyyətinin məlumatına görə, pilotsuz uçuş aparatı ölkənin hava məkanında radarlar tərəfindən aşkarlanıb və daha sonra çoxmənzilli yaşayış binasının damına çırpılıb.
Nəticədə yanğın baş verib, iki nəfər xəsarət alıb, sakinlərin bir hissəsi isə təxliyə olunub. Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, Buxarest müharibənin ölkə ərazisinə keçməsinə imkan verməyəcək.
O, Moskvaya qarşı “vəziyyətin ciddiliyinə uyğun” tədbirlər paketinin hazırlanmasını tapşırıb. Rumıniya Xarici İşlər Nazirliyi hadisəni “kobud və məsuliyyətsiz eskalasiya”, həmçinin “beynəlxalq hüququn ciddi pozuntusu” adlandırıb.
Rumıniya hakimiyyəti eyni zamanda NATO-ya müraciət edərək pilotsuz uçuş aparatlarından müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsini istəyib. İnsidentdən sonra Rumıniya hərbçiləri iki F-16 “Fighting Falcon” qırıcısını və bir helikopteri hədəfləri məhv etmək səlahiyyəti ilə havaya qaldırıblar.
Sərhədyanı bölgələrdə hava həyəcanı elan olunub. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın hərəkətlərinin “daha bir qırmızı xətti keçdiyini” bildirib və Rumıniyaya tam dəstəyini ifadə edib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro da hadisəni pisləyərək pilotsuz uçuş aparatının Avropa İttifaqı və NATO üzvü olan bir ölkənin ərazisinə düşdüyünü vurğulayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, bu hadisə Rusiyanın hərəkətlərinin bütün Qara dəniz regionu və Avropa üçün yaratdığı təhlükəni bir daha nümayiş etdirib.
Cümə günü Nikuşor Dan Rumıniyanın Ali Milli Müdafiə Şurasının növbədənkənar iclasını çağırıb, Rusiyanın səfiri isə Xarici İşlər Nazirliyinə dəvət olunub. Rumıniya hakimiyyəti həmçinin Avropa səviyyəsində növbəti addımların hazırlanması, o cümlədən Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsi barədə məlumat verib.
Sevinc Əliyeva
Ordu.az