Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Danimarkanın Milli Təhlükəsizlik və Kəşfiyyat Xidməti (PET) bəyan edib ki, ölkədə ümumi təhlükə səviyyəsi beşpilləli şkala üzrə dördüncü səviyyədə qalır.
Bununla yanaşı, qurum son illərdə təhlükələrin xarakterinin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edib.
“Ötən il ərzində dövlət subyektləri terror təhlükəsində getdikcə daha mühüm rol oynamağa başlayıblar. Hesab edirik ki, bu, xüsusilə İranla bağlıdır. İran ilk növbədə İsrailin maraqları və yəhudilər, eləcə də Avropada, o cümlədən Danimarkada yaşayan bəzi iranlı müxaliflər üçün təhlükə yaradır”, - deyə PET rəhbəri Finn Borx Andersenin bəyanatında qeyd olunub.
“İrandan qaynaqlanan təhlükə İran kəşfiyyat xidmətlərindən gəlir. Onlar hücumlar planlaşdırmaq və həyata keçirmək üçün həm cinayətkar şəbəkələrdən, həm də Avropada agentlərin cəlb edilməsindən istifadə edirlər”, - deyə açıqlamada vurğulanıb.
Qonşu İsveçdə də Säpo təhlükəsizlik xidməti İranı İsveç ərazisində İsrail maraqlarına və İran müxalifətinə qarşı zorakılıq aktları həyata keçirmək üçün cinayətkar qruplardan istifadə etməkdə ittiham edib.
İran isə bu ittihamları rədd edib.
PET-in məlumatına görə, son illərdə və həmçinin fevral ayında İsrail və ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra İranla İsrail arasında düşmənçiliyin artması həm Danimarka, həm də digər Qərb ölkələri üçün təhlükə səviyyəsinə təsir göstərib.
Sevinc Əliyeva
Ordu.az