Paşinyan: “Xarici dövlətlər Ermənistanın hərbi sənaye kompleksi ilə çoxmilyonluq müqavilələr bağlayır”

2026/05/1779967988.jpg
Oxunub: 316     16:02     28 May 2026    
“Xarici dövlətlər Ermənistanın hərbi sənaye kompleksi müəssisələri ilə çoxmilyonluq müqavilələr imzalayır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də keçirilən brifinq zamanı bildirib.

Hərbi sənaye və ümumilikdə ordunun inkişafı ilə bağlı suala cavab verən Paşinyan elmin maliyyələşdirilməsinin 2,5-2,7 dəfə artırılmasının və elm sahəsində maaşların 100-300 faiz yüksəldilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, elm gənclər üçün cəlbedici sahəyə çevrilir və hərbi sənaye kompleksinin inkişafında yerli alimlərin rolu son dərəcə vacibdir.

Paşinyan bildirib ki, müxtəlif zavodların açılış mərasimlərində iştirak edib, lakin həmin səfərlər ictimaiyyətə açıqlanmayıb.

Ermənistan Baş naziri qeyd edib ki, məqsəd hərbi sənaye kompleksinin formalaşması üçün şərait yaratmaq olub və hazırda bu proses davam edir.

“İnkişaf etmiş ölkələr bizim hərbi sənaye kompleksimizlə çoxmilyonlu müqavilələr bağlayır. Ermənistan böyük elmi potensiala və ənənələrə malikdir. İstehsal imkanlarının yaradılması mühüm və çətin işdir, lakin məzmun baxımından baza olmadan sistemin inkişafını təmin etmək çətindir”, - deyə Paşinyan bildirib.

O əmin olduğunu ifadə edib ki, beş ildən sonra keçiriləcək paradda yerli hərbi sənaye məhsulları daha geniş şəkildə nümayiş olunacaq.

Paşinyan qeyd edib ki, hazırda texnikanın alınması ilə paralel olaraq istehsal müəssisələri və uzunmüddətli xidmət üçün infrastruktur yaradılır.

O vurğulayıb ki, bugünkü paradda da bütün məhsullar nümayiş etdirilməyib, çünki tədbirin vaxtı məhdud olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin