“Mən psevdoelitalara demişəm ki, gedib öləydiniz” - Paşinyan

2026/05/1779969404.jpg
Oxunub: 317     15:49     28 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı səsləndirdiyi qalmaqallı fikirlərə aydınlıq gətirməyə çalışıb.

Ordu.az xəbər verir ki, bu barədə o, mayın 28-də bayram paradından sonra jurnalistlərlə keçirdiyi brifinq zamanı danışıb.

Erməni jurnalistlərdən biri Paşinyana müraciət edərək bildirib ki, seçki kampaniyası dövründə onun və müdafiə naziri Suren Papikyanın ritorikasında xoşagəlməz ifadələr yer alıb.

Erməni jurnalist qeyd edib ki, hakimiyyət nümayəndələri orduda xidmət etmiş və onları tənqid edən vətəndaşlara “niyə ölmədiniz?” sualını ünvanlayırlar.

Eyni zamanda erməni jurnalist Paşinyanın özü, Suren Papikyan və “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatlarının niyə ölmədikləri ilə bağlı sualların da səsləndirildiyini deyib.

Bundan əlavə, parlamentin müdafiə məsələləri komissiyasının sədri Andranik Köçəryanın oğlunun niyə xidmət etmədiyi, Sasun Mikayelyanın isə niyə ölmədiyi barədə suallar verilib.

Paşinyan cavabında sözlərinin “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) psevdoelitası və onlara yaxın çevrələrə” aid olduğunu deyərək özünü müdafiə etməyə çalışıb.

Paşinyan bildirib ki, həmin şəxslər Samvel Şahramanyanın rəhbərliyi ilə qaçıblar və indi Ermənistan xalqını yenidən müharibəyə cəlb etməyə çalışırlar.

“Bəli, mən demişəm ki, “Qarabağ”ın qondarma psevdoelitasını Ermənistanda kökündən təmizləyəcəyəm. Mən psevdoelitalara demişəm ki, gedib öləydiniz. Bu insanlar izah etməlidirlər ki, bu gün Ermənistanda müxtəlif çıxışlar edən yetkin kişilər harada olublar və qaçmaqdan başqa nə ilə məşğul olublar?”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, söhbət ölüb-ölməməkdən deyil, heç bir halda ölməməyi seçən insanlardan gedir.

Paşinyan həmçinin bildirib ki, onun oğlunun xidmət etdiyi səngərdə hərbçilər ölüb və ailəsi də Qarabağda olub.

Paşinyanın sözlərinə görə, Qarabağdakı “psevdoelita” hər dəfə qaçaraq Ermənistana gəlib və ölkəni yenidən münaqişəyə sürükləməyə çalışıb.

“Qarabağ xalqı”nı (Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər-red.) girov vəziyyətində saxlamağın məqsədi Ermənistan dövlətçiliyini zəiflətmək olub”, - deyə o qeyd edib.

Xatırladaq ki, mayın 18-də İrəvanda “Vətəndaş Müqaviləsi”nin seçki kampaniyası zamanı erməni siyasi xadim Artur Osipyan Nikol Paşinyana yaxınlaşaraq Qarabağla bağlı suallar vermişdi.

Bundan sonra Paşinyan əsəbiləşərək Osipyanın ünvanına təhqiramiz ifadələr işlətmişdi. “Qarabağ”ın psevdoelitaları rədd olub getsinlər. Bunlar kimdir? Rədd olun gedin. Artur Osipyan, başını divara vurubsan. Bizim uşaqların yerinə gedib öləydin. Talançı heyvanlar”, - deyə Paşinyan bildirmişdi.

Osipyan həmin gün xuliqanlıq ittihamı ilə saxlanılmışdı. Bu gün isə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin