Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də keçirilən brifinq zamanı bildirib.
Paşinyan ABŞ dövlət katibi Marko Rubionun İrəvana qısamüddətli səfəri çərçivəsində imzalanmış sənədlər fonunda ABŞ ilə münasibətlər barədə suala cavab verərkən deyib ki, bundan sonra və həmişə Ermənistanın strategiyası alternativ seçimlərə malik olmaq olacaq.
Onun sözlərinə görə, bugünkü parad da bunun sübutudur və tədbirdə yeddi ölkənin istehsalı olan məhsullar nümayiş etdirilib.
Paşinyan bildirib ki, enerji sahəsində münasibətlərin diversifikasiyası həyata keçiriləcək.
Paşinyanın sözlərinə görə, Ermənistan məhdudiyyətsiz günəş enerjisi ehtiyatları sayəsində enerji baxımından müstəqil olmaq imkanına malikdir.
O qeyd edib ki, Avropa İttifaqı ilə əməkdaşlıq bərpa olunan enerji sahəsini əhatə edəcək.
“Atom energetikası sahəsində tərəfdaşlarla modul stansiyanın tikintisi ilə bağlı aktiv danışıqlar aparılır. Biz ən yaxşı təklifi gözləyirik və ya seçirik. Əgər bu təklif Rusiya tərəfindən olsa, onlarla, ABŞ tərəfindən olsa, amerikalılarla işləyəcəyik”, - deyə Paşinyan bildirib.
Ermənistan Baş naziri Çin, Koreya və Fransanın da mümkün tərəfdaşlar arasında olduğunu qeyd edib.
Paşinyan daha əvvəl səsləndirdiyi “bir mənbədən asılılığın çoxsaylı mənbələrdən asılılıqla əvəz edilməsinin müstəqillik olacağı” fikrinə də aydınlıq gətirib.
Bununla yanaşı, o, Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığın davam etdirilməsi niyyətində olduqlarını vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az