Ordu.az xəbər verir ki, bu barədə Paşinyan mayın 28-də hökumətdə keçirilən brifinq zamanı danışıb.
Paşinyan qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindəki iştirakını ölkənin iqtisadi maraqlarını qorumaq üçün istifadə etməyi planlaşdırır.
“Biz bəyan edirik ki, nəinki Avrasiya İqtisadi Birliyindən çıxmağa hazırlaşmırıq, əksinə, Ermənistanın iqtisadi maraqlarını qorumaq üçün imkanlarımızdan və iştirakımızdan istifadə etmək niyyətindəyik”, - deyə o bildirib.
Ermənistan Baş naziri qeyd edib ki, ixrac və idxal məsələlərində də diversifikasiya siyasəti davam etdirilir.
Onun sözlərinə görə, Ermənistanın müxtəlif istiqamətlər üzrə ixrac göstəriciləri iki dəfə artıb.
Paşinyan həmçinin Axalkalaki-Qars dəmir yolunun Ermənistandan ixrac üçün açılmasını müsbət qiymətləndirib.
O bildirib ki, yaxın vaxtlarda iş adamlarından ibarət nümayəndə heyətləri həmin dəmir yolu xətti boyunca yerləşən potensial bazarları araşdırmaq üçün səfərlərə göndəriləcək.
Paşinyan vurğulayıb ki, Ermənistan günəş enerjisi ehtiyatları hesabına enerji baxımından müstəqil ölkəyə çevrilmək imkanına malikdir.
Paşinyan əlavə edib ki, Ermənistan ABŞ ilə birlikdə ölkənin yeni geoloji xəritəsinin hazırlanması istiqamətində əməkdaşlıq edəcək.
Bununla yanaşı, o qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığı mümkün olan maksimum səviyyədə inkişaf etdirəcək.
Alpər Mövludoğlu
Ordu.az