Ordu.az xəbər verir ki, bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçov “İzvestiya”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi gələcək atom elektrik stansiyasının biznesi və istismarında iştirakla bağlı da müxtəlif sxemlər təklif edib, lakin indiyədək Ermənistan tərəfindən cavab verilməyib.
“Biz erməni tərəfdaşlarımızın qarşısına müxtəlif həll yolları qoymuşuq. Bunlar həm orta gücə malik bloklar, həm də qiqavat səviyyəsində enerji bloklarıdır.
Biz artıq enerjinin bir hissəsini almağa və qonşu ölkələrə ixrac etməyə, biznesdə və atom enerji blokunun istismarında fəal iştirak etməyə hazırıq”, - deyə “Rosatom” rəhbəri bildirib.
Lixaçov qeyd edib ki, Rusiya hələ də Ermənistan tərəfdən “Metsamor” AES-də enerji blokunun gələcək istismarı ilə bağlı cavab almayıb.
“Hazırda top tam şəkildə erməni tərəfinin meydançasındadır və istəməzdim ki, bu məsələ siyasi müzakirələrə, şəxsi simpatiya və antipatiya müstəvisinə keçirilsin.
Niyə? Baxın, Ermənistan Qafqazda nüvə energetikası bayrağını daşıyan yeganə ölkədir. Bu imkanı, yəni ümumiyyətlə nüvə energetikasını itirmək, fikrimcə, tamamilə iqtisadi baxımdan məqsədəuyğun olmazdı”, - deyə o bildirib.
Ermənistan KİV-ləri qeyd edir ki, Ermənistan AES sovet dövründə Metsamor şəhəri yaxınlığında, İrəvandan 30 kilometr məsafədə tikilib və iki enerji blokundan ibarətdir.
İkinci blokun modernləşdirilməsi “Rosatom Servis” tərəfindən həyata keçirilib və bundan sonra Ermənistanın nəzarət orqanı onun istismarına 2026-cı ilə qədər lisenziya verib.
Hazırda stansiyada işlər plana uyğun davam edir. Rusiya tərəfi texniki xidməti təmin edir və yanacaq tədarükü ilə məşğul olur. İstismar müddətinin 2036-cı ilə qədər yenidən uzadılması gözlənilir.
Alpər Mövludoğlu
Ordu.az