ABŞ Dövlət Departamenti Rubionun Ermənistana səfərini yekunlaşdırıb

2026/05/1779895544.jpg
Oxunub: 363     19:20     27 May 2026    
“ABŞ və Ermənistan “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) çərçivə sazişini ilkin olaraq imzalayıblar”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, tərəflər, həmçinin strateji tərəfdaşlıq xartiyası və kritik faydalı qazıntılar sahəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Məlumata əsasən, ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda görüşərək ABŞ-Ermənistan münasibətlərinin gücləndirilməsinə xidmət edən yeni inkişafları elan ediblər.

“İlk növbədə tərəflər TRIPP proqramı çərçivəsində ikitərəfli çərçivə sazişinin ilkin imzalanmasını açıqlayıblar. Bu addım 2025-ci il avqustun 8-də Ağ Evdə qəbul edilmiş tarixi öhdəliklərlə təməli qoyulan “parlaq gələcəyə” doğru mühüm mərhələdir. Beləliklə, ABŞ və Ermənistan bölgədə maneəsiz, çoxnəqliyyatlı tranzit əlaqəsinin yaradılmasına bir addım daha yaxınlaşıblar”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, sənəddə Ermənistanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət prinsipi vurğulanıb. Mətndə “TRIPP Development Company” (TDC) birgə müəssisəsinin fəaliyyət istiqamətləri də əks olunub. Bu şirkətin ABŞ və Ermənistan tərəfindən ticarət, nəqliyyat və iqtisadi inkişafın təşviqi, həmçinin beynəlxalq və daxili nəqliyyat əlaqələrinin modernləşdirilməsi məqsədilə yaradıldığı qeyd edilib.

“Bundan başqa, Vaşinqton və İrəvan TRIPP proqramı çərçivəsində mühəndis-geodeziya tədqiqatları üzrə sıx əməkdaşlıq edir. ABŞ bölgədə sülh, sabitlik və rifahın təşviqi, eləcə də qlobal ticarətin genişləndirilməsi istiqamətində öhdəliyini bir daha təsdiqləyib.

Dövlət katibi və xarici işlər naziri, həmçinin Ermənistan Respublikası ilə ABŞ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasını və kritik əhəmiyyətli faydalı qazıntılarla nadir metalların hasilatı və emalı sahəsində təchizatın təmin edilməsinə dair çərçivə sazişini imzalayıblar.

Bu addımlar ABŞ və Ermənistanın ikitərəfli münasibətləri genişləndirmək istiqamətində birgə iradəsini nümayiş etdirir və 2025-ci il avqustun 8-də prezident Donald Tramp ilə baş nazir Nikol Paşinyanın imzaladığı qarşılıqlı anlaşma memorandumlarında əks olunan vədlərin həyata keçirilməsinə xidmət edir”, - deyə məlumatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin