Sabiq erməni prezident: “Bu adam başdan-ayağa siyasi dələduzdur, sabah başına qlobus qoysa, təəccüblənmərəm”

2026/05/1779894675.jpg
Oxunub: 377     19:02     27 May 2026    
“Ermənistanın hakim partiyası sülhü əsas təbliğat tezisinə çevirib, çünki başqa danışacaq mövzusu yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan Gorus sakinləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, hakimiyyət sülh mövzusunu önə çıxarmaqla özlərini sülhün yeganə təminatçısı kimi göstərməyə çalışır, digərlərini isə “müharibə gətirməkdə” ittiham edir.

Köçəryan qeyd edib ki, bunu şəxsən müharibə, itkilər və böyük faciələr gətirmiş bir adam edir və həmin şəxs, onun hakimiyyəti dövründə “ləyaqətli sülh”ün mövcud olduğunu iddia etdiyi lideri ittiham edir.

“Ən absurd və paradoksal məqam isə Paşinyanın israrla sülh təminatçılarından və zəmanətlərdən imtina etməsidir. Qoy Paşinyan izah etsin ki, zəmanətlər ona nə ilə mane olur. Cavab sıfırdır. Deyirlər ki, sülhə Azərbaycan zəmanət verməlidir. Siz bununla razısınız?”, - deyə Köçəryan iştirakçılara müraciət edib.

Erməni siyasətçi qeyd edib ki, artıq erməni kimliyi, tarix və kilsə də düşmən elan olunub.

“Bu adam xalqı aldadıb. Dostları barədə artıq bilirik. Erməni xalqını bütün istiqamətlərdə aldadıb. O, başdan-ayağa siyasi dələduzdur. Xəritəni sinəsinə bağlayıb, sabah başına qlobus qoyub ortaya çıxsa, təəccüblənmərəm”, - deyə Köçəryan istehza ilə bildirib.

O, Paşinyanın hakimiyyətin “ordunu sıfırdan qurduğu” barədə açıqlamalarını da cəfəngiyyat adlandırıb.

Köçəryan qeyd edib ki, Paşinyan döyüş qabiliyyətli ordu miras alıb, onu dağıdıb və indi həmin dağıntıya görə ordunu quranları ittiham edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin