Ordu.az xəbər verir ki, layihənin ilk gəmisi olan TUNKU LAKSAMANA ABDUL JALIL İstanbulda keçirilən mərasimlə suya endirilib.
Mərasimdə Malayziya kraliçası Raja Zarith Sofiah, Johor kral ailəsinin üzvləri, Malayziyanın müdafiə naziri Dato Seri Mohamed Xaled Nordin, Türkiyənin milli müdafiə nazirinin müavini Musa Heybetli, Müdafiə Sənayesi Komitəsinin sədr müavini və STM İdarə Heyətinin sədri İhsan Kaya, həmçinin Malayziya Kral Donanmasının yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.
STM şirkətinin baş direktoru Özgür Güləryüz bildirib ki, şirkət bu günədək Türkiyə və xaricdə yerləşən 11 fərqli gəmiqayrma zavodunda ümumilikdə 44 hərbi dəniz platforması layihəsini uğurla tamamlayıb və icrasını davam etdirir.
Onun sözlərinə görə, LMS Batch-2 layihəsi Türkiyə ilə Malayziya arasında müdafiə məhsullarının təchizatı sahəsində ilk “Dövlətdən dövlətə” satış müqaviləsi xüsusiyyəti daşıyır.
Güləryüz qeyd edib ki, 2024-cü ildə imzalanan müqavilədən sonra təməlqoyma və gəminin qurulması mərhələləri rekord müddətdə tamamlanıb və ilk gəmi dənizlə görüşdürülüb.
O əlavə edib ki, Türkiyənin Asiya-Sakit okean regionuna ilk korvet ixracı hesab olunan layihədə dizayndan təhvilə qədər bütün mərhələlər böyük dəqiqliklə icra edilir.
Şirkət nümayəndəsi bildirib ki, layihə çərçivəsində seriyanın ikinci gəmisinin 2026-cı ilin iyun ayında, üçüncü gəmisinin isə həmin ilin avqust ayında suya endirilməsi planlaşdırılır.
Məlumata görə, inkişaf etmiş silah və sensor sistemləri ilə təchiz olunacaq hər üç korvet 2027-ci il ərzində Malayziya Kral Donanmasına təhvil veriləcək. Gəmiyə Malayziya kralı Sultan İbrahim və kraliça Raja Zarith Sofiahın 2015-ci ildə vəfat etmiş dördüncü oğlu Tunku Laksamana Abdul Jalilin adı verilib.
Layihə çərçivəsində inşa olunan korvetlər STM tərəfindən Malayziya Kral Donanmasının tələblərinə uyğun şəkildə hazırlanıb və “İstanbul” Gəmiqayrma Zavodunda inşa edilir.
Şirkət layihənin dizayn, inşa, material və sistem təchizatı, inteqrasiya, sınaq və inteqrasiya olunmuş logistika dəstəyi daxil olmaqla bütün mərhələlərinə cavabdeh əsas podratçı kimi fəaliyyət göstərir.
Korvetlərdə ASELSAN tərəfindən hazırlanan 30 mm-lik MUHAFIZ uzaqdan idarə edilən, stabilizasiya olunmuş top sistemi, CENK 3D axtarış radarı, ARES 2D suüstü radar radioelektron dəstək sistemi, Akrep atəş idarəetmə radarı, dost-düşmən tanıma sistemi və digər elektron sensorlar yer alacaq.
Bundan əlavə, ROKETSAN istehsalı olan ATMACA gəmi əleyhinə raket sistemi, HAVELSAN tərəfindən hazırlanan Döyüş İdarəetmə Sistemi və 76 mm topun atəş idarəetmə sistemi də korvetlərə inteqrasiya ediləcək.
Uzunluğu 99,56 metr, subasımı qabiliyyəti təxminən 2500 ton olacaq gəmilər maksimum 26 knot sürətə, helikopter eniş platformasına və 111 nəfərlik heyət tutumuna malik olacaq.
Sevinc Əliyeva
Ordu.az