Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, təşəbbüsə İspaniya, İtaliya və Kanada da qarşı çıxıb.
NATO-nun baş katibi Mark Rütte daha əvvəl müttəfiqlər arasında kifayət qədər dəstək olmadığı üçün təşəbbüsün irəliləməyəcəyini etiraf edib.
Bildirilir ki, məsələ Ankarada keçiriləcək alyans sammitində müzakirəyə çıxarılmalı idi.
“The Telegraph”ın mənbələrinin sözlərinə görə, NATO-nun azı yeddi ölkəsi təşəbbüsü dəstəkləyib. Söhbət artıq Kiyevə hərbi yardım üçün ÜDM-nin 0,25%-dən çoxunu xərcləyən dövlətlərdən gedir.
Lakin NATO-da qərarların qəbul olunması üçün alyansın bütün üzvlərinin yekdil razılığı tələb olunur.
Nəşrin həmsöhbəti bildirib ki, London, Paris, Madrid, Roma və Ottava təşəbbüsə qarşı “xüsusi böyük həvəs göstərməyib”.
Bu fonda Böyük Britaniya Rusiya neft məhsullarının tədarükünə qoyulan məhdudiyyətləri yumşaltdıqdan sonra əlavə tənqidlərlə üzləşib.
Britaniya hökuməti üçüncü ölkələrdə Rusiya neftindən istehsal olunan aviasiya yanacağı və dizel alışına müvəqqəti istisnalar tətbiq edib. Rəsmi London bu qərarı Yaxın Şərqdə yaranmış vəziyyətlə izah edib.
Eyni zamanda, Ukraynaya Britaniya yardımı ABŞ və Almaniyadan sonra ən böyük yardım paketlərindən biri olaraq qalır. Baş nazir Kir Starmer daha əvvəl Kiyevə hər il azı 3 milyard funt-sterlinq ayrılacağını vəd etmişdi.
Nəşrin qeyd etdiyi kimi, alyans daxilində əsas narazılıqlar Fransa, İspaniya, İtaliya və Kanadaya yönəlib. Müttəfiqlər bu ölkələri Ukraynaya kifayət qədər dəstək verməməkdə ittiham edirlər.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Niderland, Polşa, eləcə də Şimali Avropa və Baltik ölkələri artıq Ukraynaya ÜDM-nin 0,25%-i və ya daha çox həcmində yardım göstərir.
Mark Rütte daha əvvəl bəyan edib ki, NATO daxilində Ukraynaya dəstək qeyri-bərabər bölüşdürülür və bir çox müttəfiq Kiyevə yardım üçün “kifayət qədər fəaliyyət göstərmir”.
Sevinc Əliyeva
Ordu.az