Ordu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Bu proqram Qərb ölkələrinin 2022-ci ildən etibarən Ukraynaya verdiyi təlim dəstəyinin əks istiqamətə çevrildiyini göstərən diqqətçəkən inkişaf kimi dəyərləndirilir.
Bildirilir ki, təlimlər müxtəlif hərbi məktəblərdə aparılır. Almaniya Quru Qoşunlarının müfəttişi general-leytenant Kristian Freudinq 2026-cı il aprelin 17-də verdiyi açıqlamada ukraynalı təlimatçıların Pasxa ərəfəsində Almaniyaya çatdığını və müxtəlif hərbi təlim mərkəzlərində fəaliyyətə başladığını deyib.
Məlumata görə, təlim fəaliyyəti Zirehli Qoşunlar Məktəbi, Mühəndislik Məktəbi və Pilotsuz Sistemlər Təlim Mərkəzinin bazasında həyata keçirilir. Yaxın vaxtlarda Artilleriya Məktəbində də yeni təlimatçı qruplarının fəaliyyətə başlayacağı qeyd olunub.
Kristian Freudinq proqramın birbaşa döyüş təcrübəsinə əsaslandığını vurğulayaraq bildirib ki, “Ukrayna ordusu hazırda Rusiyaya qarşı cəbhədə birbaşa döyüş təcrübəsinə malik dünyadakı yeganə ordudur”.
O əlavə edib ki, təlimlərin səmərəliliyini artırmaq məqsədilə qərargah heyəti deyil, sahədə aktiv xidmət etmiş hərbçilərə üstünlük verilib.
Təlim proqramının müasir döyüş meydanında həlledici rol oynayan pilotsuz sistemlərə yönəldiyi bildirilib. Ukraynalı təlimatçılar alman bölmələrinə pilotsuz uçuş aparatı təhdidlərindən qorunma, radioelektron mübarizə şəraitində əməliyyat aparma və pilotsuz sistemlərdən hücum məqsədilə istifadə kimi mövzularda tətbiqi təlim keçir.
Ukraynadakı müharibənin ortaya çıxardığı intensiv pilotsuz uçuş aparatı təhlükəsi, radioelektron mübarizə təzyiqi və daim hədəf olma riski kimi amillər təlimlərin əsasını təşkil edir. Bu çərçivədə bölmələrə sahədə uzun müddət sabit qalmağın yaratdığı risklər və sürətli yer dəyişmənin zəruriliyi kimi kritik məsələlər ötürülür.
Bildirilir ki, Almaniya son dövrdə müdafiə qabiliyyətini artırmağa yönəlmiş genişmiqyaslı transformasiya prosesi həyata keçirir. Bu prosesdə pilotsuz sistemlərin inteqrasiyası və müasir döyüş şərtlərinə uyğunlaşma əsas prioritetlər sırasındadır.
Kristian Freudinq daha əvvəl verdiyi qiymətləndirmədə Rusiyanın 2029-cu ilə qədər NATO üçün təhdid yarada biləcəyini qeyd edib: “Bizim vaxtımız yoxdur, təhdid bizi gözləməz”.
Ukraynalı təlimatçıların Almaniya Silahlı Qüvvələrinə təlim verməsi bu hazırlıq prosesini sürətləndirməyə yönəlmiş konkret addımlardan biri kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az