Yunanıstan F-35-lərlə yanaşı süni zəka əsaslı PUA parkı yaratmaq istəyir

2026/06/1782156145.jpg
Oxunub: 301     23:22     22 İyun 2026    
ABŞ F-35 qırıcıları ilə süni zəka texnologiyalarını birləşdirən min Pilotsuz Uçuş Aparatından (PUA) ibarət böyük parkın yaradılması istiqamətində yeni mərhələyə keçib.

Ordu.az xəbər verir ki, bu layihənin proqram təminatı tərəfdaşı olan “Shield AI” Afinada ofis açmağa hazırlaşır.

F-35A qırıcılarının alınmasına hazırlaşan Yunanıstan isə bu avtonom “sadiq qanad yoldaşı” texnologiyasında həm istifadəçi, həm də istehsal tərəfdaşı kimi iştirak etmək niyyətindədir.

ümumi bazar dəyəri 61 milyard dollara çatan “Anduril” şirkəti avtonom sistemlər və süni zəka sahəsində fəaliyyəti ilə ABŞ-nin ən sürətlə inkişaf edən müdafiə texnologiyaları şirkətlərindən biri hesab olunur.

Şirkətin törəmə müəssisəsi olan “Shield AI” CCA (Birgə Döyüş Təyyarəsi) parkının proqram təminatı infrastrukturunu hazırlayacaq. Bu çərçivədə “Hivemind” adlı kollektiv süni zəka və kəşfiyyat sistemi də platformalara inteqrasiya ediləcək.

Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, bu inkişaflar ölkənin müdafiə sənayesi üçün də mühüm əhəmiyyət daşıyır. “Shield AI” yaxın vaxtlarda Yunanıstanın EFA müdafiə qrupu ilə əməkdaşlıq sazişi imzalayıb.

Şirkət qabaqcıl avtonom proqram təminatı layihələrini dəstəkləmək məqsədilə Afinada nümayəndəlik açmağa hazırlaşır. Eyni zamanda Yunanıstan Hərbi Hava Qüvvələrinin rəhbərliyi CCA texnologiyasına həm potensial istifadəçi, həm də gələcək istehsal tərəfdaşı kimi maraq göstərdiyini açıqlayıb.

ABŞ Hərbi Hava Qüvvələri ilə bağlanmış müqavilələr iki prototipin istehsalını nəzərdə tutur. Bunlar “General Atomics” tərəfindən hazırlanan YFQ-42A və “Anduril” tərəfindən hazırlanan YFQ-44A sistemləridir.

Bu platformalar 5-ci və 6-cı nəsil pilotlu döyüş təyyarələri ilə birlikdə fəaliyyət göstərmək, onların fəaliyyət radiusunu və döyüş imkanlarını artırmaq məqsədilə hazırlanıb.

ABŞ Hərbi Hava Qüvvələri uzunmüddətli perspektivdə təxminən min PUA-dan ibarət böyük donanma yaratmağı planlaşdırır. Layihənin ilk mərhələsində təxminən 150 pilotsuz uçuş aparatının 2030-cu ildən əvvəl təhvil verilməsi gözlənilir.

Yunanıstan Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Dimostenis Qriqoriadis bir müddət əvvəl bu əməkdaşlıq əsaslı PUA sistemlərinin əldə edilməsinə xüsusi diqqət ayırdıqlarını bildirib.

Hazırda 20 ədəd F-35A qırıcısının alınmasına hazırlaşan və əlavə 20 təyyarə üçün seçim hüququna malik olan Yunanıstan CCA texnologiyasını bu platformalarla birlikdə istifadə edərək əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   F-35   PUA  


Bizi "telegram"da izləyin