Aİ Britaniyanın birliyə yenidən qoşulması ehtimalını şərh etməkdən imtina edib

2026/06/1782029387.jpg
Oxunub: 210     18:02     22 İyun 2026    
Avropa İttifaqının (Aİ) rəhbərliyi "Brexit"dən sonra Böyük Britaniya ilə münasibətlərin dərinləşməsini alqışlayır, lakin ölkənin Aİ-yə mümkün qayıdışını müzakirə etməkdənsə, Londonla tərəfdaşlığın gələcək inkişafına diqqət yetirir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Koştanın Brüsseldə keçirilən mətbuat konfransında verdiyi bəyanatdan məlum olur.

"Brexit"dən on il sonra britaniyalıların əksəriyyətinin Avropa İttifaqına qayıtmağı dəstəklədiyini göstərən sorğu nəticələri ilə bağlı sualı cavablandıran A.Koşta bildirib ki, son illərin əsas nailiyyəti Brüssel və London arasında münasibətlərin "yenidən başladılması" olub.

Koşta xatırladıb ki, Böyük Britaniyanın bu gün istefa verən Baş naziri Kir Starmer 2025-ci ilin fevralında "Brexit"dən sonra ilk dəfə Aİ Şurasının müdafiə məsələlərinə həsr olunmuş görüşündə iştirak edib.

Onun sözlərinə görə, o vaxtdan bəri tərəflər qarşılıqlı münasibətlərdə, eləcə də təhlükəsizlik, müdafiə və Ukraynaya dəstək məsələləri üzrə əməkdaşlıqda nəzərəçarpacaq irəliləyiş əldə ediblər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də Aİ ilə Böyük Britaniya arasında sabit əlaqələrin vacibliyini vurğulayıb. "Mən Birləşmiş Krallıq xalqı ilə möhkəm və sabit münasibətlərin bərpasına ümid edirəm", - o bildirib.

Nə Koşta, nə də fon der Lyayen Böyük Britaniyanın yenidən Aİ-yə daxil olması perspektivini birbaşa şərh etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Britaniya  


Bizi "telegram"da izləyin