“Ermənistan KTMT-nin üzvü olaraq qalır və bütün hüquq və öhdəliklərini saxlayır” - Zaxarova

2026/05/1779979241.jpg
Oxunub: 213     17:28     22 İyun 2026    
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalmaqda davam edir və təşkilat qarşısındakı bütün hüquq və öhdəliklərini qoruyub saxlayır”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RIA Novosti” agentliyinə müsahibəsində bildirib.

“Ermənistan iki ildən artıqdır ki, KTMT-nin fəaliyyətində iştirakdan çəkinir. Buna baxmayaraq, o, təşkilatın tamhüquqlu üzvü statusunu, eləcə də bütün hüquq və öhdəliklərini saxlayır”, - deyə Zaxarova qeyd edib.

O xatırladıb ki, Ermənistan parlamenti mart ayında Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun qəbul edib və həmin sənəd aprel ayında prezident Vaaqn Xaçaturyan tərəfindən təsdiqlənib.

Zaxarova həmçinin Rusiya Prezidenti Vladimir Putinin Baş nazir Nikol Paşinyanla görüşündə Ermənistanın eyni zamanda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi ilə gömrük ittifaqında iştirakının mümkün olmadığını vurğuladığını qeyd edib.

“Rusiya tərəfi hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması ölkənin Birliyə üzvlük nəticəsində əldə etdiyi ticarət güzəştlərini itirməsi ilə nəticələnə bilər. Buraya üzv dövlətlər üçün tətbiq olunan 5 faizlik vahid aşağı tarif dərəcəsi və bəzi hallarda malların gömrük rüsumu olmadan idxal edilməsi hüququ daxildir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin