Avstraliya ABŞ/İsrail-İran müharibəsinin yaratdığı qlobal risklərə görə müdafiə xərclərini artıracaq

2026/04/1776425020.jpg
Oxunub: 362     15:19     17 Aprel 2026    
Avstraliyanın müdafiə naziri Riçard Marles ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin yaratdığı qlobal risklərə görə ölkəsinin müdafiə xərclərini artıracağını bildirib.

Ordu.az xəbər verir ki, Marles Milli Mətbuat Klubunda etdiyi çıxışda ölkənin yeni Milli Müdafiə Strategiyasını açıqlayıb.

O bildirib ki, yaxın on il ərzində mövcud müdafiə xərclərinə əlavə olaraq 38 milyard dollar (53 milyard Avstraliya dolları) büdcə ayrılması planlaşdırılır, müdafiə büdcəsinin ümumi daxili məhsuldakı payı isə 2033-cü ilə qədər 2,8 faizdən 3 faizə qaldırılacaq.

Marles vurğulayıb ki, İrandakı gərginlik səbəbindən qlobal təhlükəsizlik mühiti daha kövrək hala gəlib və onlar İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına yönəlmiş strateji hədəfi dəstəkləyirlər.

O qeyd edib ki, Avstraliya “İkinci Dünya müharibəsindən bu yana görülən ən mürəkkəb və ən təhdidedici strateji şərtlərlə üz-üzədir”.

Ölkənin müdafiə resurslarını dəyərləndirərək bu qərarı aldıqlarını bildirən Marles qeyd edib ki, bu artım “ölkə tarixində sülh dövründə müdafiə xərclərinin ən böyük artımıdır”.

Marles həmçinin diqqətə çatdırıb ki, müdafiə xərclərinin artırılması ABŞ administrasiyasının təzyiqi ilə qəbul olunmuş qərar deyil.

O bildirib ki, bu yeni strategiya ölkənin özünəyetərliyini artırmağa yönəlib, lakin müttəfiqlər Avstraliyanın müdafiəsinin əsas elementi olaraq qalmaqdadır.

Avstraliya hökuməti fevralda ABŞ və Böyük Britaniya ilə əldə olunan AUKUS sazişi çərçivəsində nüvə sualtı qayıqlarının istehsalına dəstək verəcək gəmiqayrma zavodunun tikintisi üçün təxminən 2,7 milyard dollar xərcləyəcəyini açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin