STM DSA 2026-da milli platformalarını nümayiş etdirəcək

2026/04/1776424980.jpg
Oxunub: 740     15:15     17 Aprel 2026    
Türkiyə müdafiə sənayesinin aparıcı güclərindən olan STM milli imkanlarla hazırlanmış döyüş gəmilərini və pilotsuz sistemlərini Asiya-Sakit okean regionunun nüfuzlu sərgilərindən biri olan DSA 2026-da nümayiş etdirəcək.

Ordu.az xəbər verir ki, Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi ilə Türkiyə müdafiə sənayesində milli və müasir sistemlərə imza atan “STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş.” ixracyönümlü inkişaf strategiyası ilə türk mühəndisliyini dünya bazarlarına daşımağa davam edir.

STM 2026-cı il aprelin 20-23-ü tarixlərində Malayziyanın paytaxtı Kuala-Lumpurda keçiriləcək “Defence Services Asia - DSA 2026” sərgisində iştirak edərək Asiya-Sakit okean regionundakı mövcudluğunu gücləndirməyi hədəfləyir.

Malayziyanın dəniz müdafiəsində STM imzası

Malayziyanın ən mühüm müdafiə həll tərəfdaşlarından birinə çevrilən STM sərgidə xüsusilə bu ölkə üçün həyata keçirdiyi layihələri ön plana çıxaracaq. STM tərəfindən layihələndirilən və Türkiyənin Asiya-Sakit okean regionuna ilk korvet ixracı olmaq xüsusiyyəti daşıyan Malayziya Kral Donanmasının “Littoral Mission Ship” (LMS) “Batch-2” layihəsində üç gəminin inşası İstanbulda sürətlə davam edir.

Sərgidə bu korvetlərin maketlərini nümayiş etdirəcək STM, həmçinin Malayziyanın əməliyyat ehtiyaclarına uyğun xüsusi hazırlanmış Çoxməqsədli Dəstək Gəmisi (MRSS) layihəsini də iştirakçıların diqqətinə təqdim edəcək. Dünyada sualtı qayıqların modernləşdirilməsi sahəsində uğurunu Pakistan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin layihələri ilə sübut edən STM kiçik ölçülü STM500 sualtı qayığını, STM NETA insansız avtonom sualtı platformasını, Türkiyənin ilk milli freqatı TCG İSTANBUL-u və Milli Hücum Qayığı maketlərini də DSA-da nümayiş etdirəcək.

Milli pilotsuz sistemlər Asiya-Sakit okeanda

Pilotsuz sistemlər sahəsində isə STM üç fərqli ölkə tərəfindən seçilən və sərhəd təhlükəsizliyində aktiv rol oynayan müşahidə tipli pilotsuz uçuş aparatı TOGAN-I, dörd qitədə 15-dən çox ölkəyə ixrac edilən Türkiyənin ilk milli kamikadze pilotsuz uçuş aparatı KARGU-nu və sursat buraxan pilotsuz uçuş aparatı BOYGA-nı sərgidə nümayiş etdirərək Türkiyə müdafiə sənayesinin bu sahədə qlobal rəqabət gücünü təmsil edəcək.

Güləryüz: “Milli texnologiyalarımızla ölkə iqtisadiyyatına töhfə veririk”

STM-in baş direktoru Özgür Güləryüz Malayziya ilə köklü əməkdaşlığa və ixracın əhəmiyyətinə toxunaraq bunları deyib:

“Reallaşdırdığımız hər ixracla Türkiyə müdafiə sənayesinin çatdığı səviyyəni dünyaya sübut etməklə yanaşı, ölkə iqtisadiyyatına da yüksək əlavə dəyərli iqtisadi gəlir qazandırırıq. Dost və qardaş ölkə Malayziyanın müdafiə potensialını milli mühəndislik həllərimizlə inkişaf etdirməkdən qürur duyuruq. Keçən il inşasına başladığımız 3 ədəd LMS “Batch-2” korvetimizi malik olduğumuz sürətli və seriyalı istehsal qabiliyyəti ilə bu il ərzində suya endiririk. DSA 2026 həm Malayziya ilə tərəfdaşlığımızı dəniz və hava sistemlərində yeni ölçülərə daşımaq, həm də Asiya-Sakit okean regionundakı digər ölkələrlə yeni əməkdaşlıq qapıları açmaq üçün kritik dayanacaqdır. Malik olduğumuz mühəndislik qabiliyyəti və tam müstəqil müdafiə sənayesi baxışımızla Türkiyə bayrağını və yerli texnologiyalarımızı dünyanın hər yerində qürurla nümayiş etdirməyi davam etdirəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   DSA-2026  


Bizi "telegram"da izləyin