Avstraliya donanmasının Dəniz Avtonom Sistemlər Bölməsi MASU rəsmi olaraq yaradıldı

2026/04/1776360974.jpg
Oxunub: 605     21:25     16 Aprel 2026    
Avstraliya Kral Donanması dəniz avtonom sistemlərinin inkişafı və əməliyyat istifadəsi üçün MASU bölməsini yaradıb.

Ordu.az xəbər verir ki, “Project” SEA 1200 çərçivəsində həyata keçirilən bölmə “Ghost Shark” və “Bluebottle” kimi insansız platformalarla asimmetrik müharibə qabiliyyətini artırmağı hədəfləyir.

Avstraliya Kral Donanması (RAN) dəniz texnologiyalarında dönüş yaradacaq yeni bölməsinin adını rəsmi olaraq açıqlayıb. Dəniz Avtonom Sistemlər Bölməsi (Maritime Autonomous Systems Unit/MASU) donanmanın daha inteqrasiya olunmuş və qabaqcıl texnologiyaya yönəlmiş qüvvəyə çevrilməsi strategiyasının mərkəzində yer alacaq.

Dənizdə yeni dövr: “Project” SEA 1200

“Project” SEA 1200 çərçivəsində yaradılan MASU dəniz avtonom sistemlərinin inkişafını, mövcud sistemlərə inteqrasiyasını və əməliyyat istifadəsini sürətləndirmək məqsədilə qurulub. Bununla yanaşı, bölmə fasiləsiz, uzaqmənzilli kəşfiyyat, müşahidə, aşkarlama (ISR) və hücum tapşırıqları üçün optimallaşdırılmış sistemlərə fokuslanacaq.

Strateji güc: “Ghost Shark” və daha artığı

MASU müasir dəniz müharibəsinin asimmetrik ehtiyaclarını qarşılamaq üçün hazırlanmış bir sıra qabaqcıl platformaları özündə birləşdirəcək. Bölmənin istifadə edəcəyi əsas qabiliyyətlər arasında bunlar yer alır:

“Ghost Shark” XL-UUV: Ekstra böyük avtonom sualtı platforma.
“Bluebottle” USV: İnsansız suüstü platforma.
“Speartooth” LUUV: Böyük insansız sualtı platforma.


Bu platformalar dünyanın istənilən nöqtəsindəki limandan idarəetməni mümkün edən İnsansız Sistemlər İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq. Bundan əlavə, Konuşlandırıla bilən Vasitə Qrupu tərəfindən də idarə ediləcək.

“Gözləyərik, Vurarıq”

Bölmənin şüarı olan “Gözləyərik, Vurarıq” dəniz insansız sistemlərinin uzunmüddətli tapşırıq icra etmə və kinetik hücum təsiri kimi çoxşaxəli rollar üzərindən strateji təsirini əks etdirir.

MASU məsul zabiti komandir Kris Forvard bildirib ki, bölmənin adının açıqlanması komandaya rəsmi kimlik qazandırıb. O, bu qabiliyyətlərin donanmaya sürətlə daxil edilməsi üçün işlərin davam etdiyini də vurğulayıb.

AUKUS və beynəlxalq əməkdaşlıq

AUKUS-un İkinci Sütunu çərçivəsindəki hədəflərə də xidmət edən MASU doktrina inkişafı, təcrübə, təlim və sınaq fəaliyyətləri üçün mərkəzi nöqtə olacaq. Bununla yanaşı, Sualtı Qüvvələr Komandanı komodor Den Sazerlend bildirib ki, MASU mövcud insanlı qüvvələri tamamlayan asimmetrik seçimlər təqdim edəcək. Beləliklə, dənizçilərin riskini azaldacağını və donanmanın fəaliyyət sahəsini genişləndirəcəyini vurğulayıb.

Bölmə yeni qabiliyyətləri sürətlə həyata keçirmək üçün müdafiə sənayesi, tədqiqat tərəfdaşları və beynəlxalq müttəfiqlərlə sıx əməkdaşlıq şəraitində işləyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   MASU  


Bizi "telegram"da izləyin