Ordu.az xəbər verir ki, şirkətlərin birja bazar dəyərləri əsasında hazırlanan siyahıda ASELSAN aktual bazar göstəricilərinə görə təxminən 42,3 milyard dollarlıq həcmə çataraq ilk 10-un astanasına gəlib.
2026-cı il yanvarın 6-da aparılan qiymətləndirmədə 17-ci yerdə olan ASELSAN-ın aradan keçən 3 ay ərzində birdən-birə 6 pillə yüksəlməsi diqqət çəkib. RTX, “Lockheed Martin”, “Northrop Grumman” və “BAE Systems” kimi qlobal nəhənglərin yer aldığı siyahıda ASELSAN Türkiyəni təmsil edən yeganə şirkət kimi önə çıxır.
Şirkət eyni zamanda dünyanın ən böyük müdafiə sənayesi şirkətləri arasında ilk 20-də yer alan yeganə türk firması mövqeyini qoruyur.
2025-ci ili güclü maliyyə nəticələri ilə başa vuran ASELSAN investorlar tərəfində də diqqət çəkən performans nümayiş etdirib. Şirkət il boyu göstərdiyi böyümə tempi ilə İstanbul Birjasının ən dəyərli şirkəti mövqeyinə yüksələrkən, bazar dəyəri 30 milyard dolları keçərək mühüm həddi geridə qoyub.
ASELSAN Qlobal Müdafiə Şirkətləri Siyahısı
Gəlirlərini real olaraq %15 artıraraq 180,4 milyard TL-yə çatdıran ASELSAN güclü əməliyyat performansını gəlirlilik və pul axını sahəsində də davam etdirib.
Rekord müqavilələr
ASELSAN 2025-ci ildə müqavilə və sifariş sahəsində tarixinin ən yüksək səviyyələrinə çatıb.
Şirkətin imzaladığı yeni müqavilələr %46 artaraq 9,6 milyard dollara, ixrac müqavilələri isə %100-dən çox artaraq 2 milyard dolları keçib.
Ümumi qalıq sifarişlər 20,4 milyard dollara yüksələrək yeni zirvəyə çatıb. Bu güclü sifariş portfeli ASELSAN-ın qarşıdakı dövrdə də istehsal və təhvil sahəsində yüksək tempi davam etdirəcəyinə işarə edir.
İl ərzində xüsusilə hava hücumundan müdafiə sistemləri, radar, radioelektron mübarizə və rabitə sistemlərinə yönəlmiş həm daxili bazarda, həm də beynəlxalq sahədə çoxsaylı kritik müqavilələr imzalanıb.
Qlobal yayılma və yerliləşmə
ASELSAN-ın ixrac göstəriciləri də 2025-ci ildə mühüm sıçrayış edib. Xarici təhvil həcmləri 89% artaraq 958 milyon dollara çatıb, çoxsaylı məhsullar ilk dəfə beynəlxalq bazarlara təqdim olunub.
Şirkət yerli təchizat ekosistemi ilə birlikdə həyata keçirdiyi işlər çərçivəsində 103 məhsulu milliləşdirərkən, daxili təchizatçılara verilən sifarişləri də 82% artırıb.
Bu inkişaflar ASELSAN-ın həm xarici asılılığı azaltmaq, həm də yerli müdafiə sənayesi ekosistemini böyütmək hədəflərində mühüm irəliləyiş əldə etdiyini göstərir.
Yüksək texnologiya və investisiya addımı
ASELSAN artan sifariş həcminə paralel olaraq istehsal və texnologiya investisiyalarını da sürətləndirib.
2025-ci ildə AR-GE xərcləri 40% artaraq 1,36 milyard dollara, seriyalı istehsal investisiyaları isə 106% artaraq 372 milyon dollara çatıb və bununla şirkətin texnologiya inkişaf etdirmə və istehsal gücü əhəmiyyətli dərəcədə gücləndirilib.
Eyni dövrdə 14 yeni istehsal müəssisəsi istifadəyə verilib, Ankarada təməli qoyulan “Oğulbey” Texnologiya Bazası isə Cümhuriyyət tarixinin ən böyük müdafiə sənayesi investisiyalarından biri kimi önə çıxıb. Müəssisənin ilk mərhələsinin 2026-cı ilin ikinci rübündə istifadəyə verilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az