Ordu.az xəbər verir ki, bu çərçivədə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını yerli və milli imkanlarla qarşılamaq və müdafiə sənayesində xarici asılılığı aradan qaldırmaq məqsədilə 2023-2027-ci illəri əhatə edən ümumilikdə 1,5 milyard dollarlıq investisiya proqramı həyata keçirilib.
Mövcud zavodlara əlavə olaraq Kırıkkale, Kırşehir və Samsunda daha 3 yeni zavod istehsala başlayacaq. Həyata keçirilən bu investisiyalar ilə enerjik materiallardan sursat istehsalına, silah sistemlərindən raket texnologiyalarına, aviasiya bombalarından KBRN qoruyucu avadanlıqlara qədər geniş sahədə Türkiyənin strateji istehsal qabiliyyətinin əhəmiyyətli dərəcədə gücləndirilməsi hədəflənir. Həmçinin istifadəyə verilən yeni AR-GE mərkəzləri sayəsində MKE yalnız istehsal gücünü artırmaqla kifayətlənmir, yüksək texnologiya inkişafı istiqamətində də strateji addımlar atır.
Partlayıcı xammalında xarici asılılıq sona çatacaq!
Kırıkkaledə təxminən 8 milyon m² sahədə tikintisi davam edən “MKE - Hüseyn Kahya Enerji Materialları Zavodu”nda nitroselüloz, barıt və raket yanacaqları başda olmaqla bir çox strateji partlayıcının istehsalı həyata keçiriləcək, həmçinin bəzi kimyəvi maddələrin istehsalı da ilk dəfə baş tutacaq. Zavodun 2026-cı il ərzində fəaliyyətə başlaması və istehsala keçməsi planlaşdırılır.
Təxminən 1.000 nəfərə məşğulluq imkanı yaradacaq zavodun tamamlanması ilə mövcud raket yanacağı, barıt və partlayıcı istehsal güclərində təxminən üç dəfə artım təmin ediləcək. Ən vacibi isə ölkənin ehtiyac duyduğu və hazırda xaricdən alınan bəzi kritik kimyəvi maddələr artıq Kırıkkaledə istehsal olunacaq. Beləliklə, Türkiyənin partlayıcı xammalı sahəsində xarici asılılığı tamamilə sona çatdırılacaq.
Kırşehirdə qurulan istehsal infrastrukturu ilə KBRN təhdidlərinə qarşı qoruyucu avadanlıqların yerli imkanlarla hazırlanması və seriyalı istehsalı mümkün olacaq. Samsunda qurulan yeni istehsal xətti ilə MK seriyalı aviasiya bombalarının istehsal gücü əhəmiyyətli dərəcədə artırılacaq.
Kritik sursat və silah sistemlərində mühüm artım
MKE yalnız yeni müəssisə və zavodların tikintisi ilə deyil, mövcud zavodlarda yeni texnologiyaların qazanılması və güc artımı layihələri çərçivəsində də kritik investisiyalar həyata keçirib. İndiyədək mövcud zavodlar daxilində 30-dan çox yeni istehsal xətti ilə yanaşı, 350-dən çox yeni istehsal dəzgahının quraşdırılması tamamlanıb.
Əhatəli investisiya proqramı ilə birlikdə müdafiə sənayesinin kritik sahələrində istehsal gücündə diqqətçəkən artımlar da təmin olunacaq:
155 mm haubitsa sursatı istehsal gücü 5.400%,
Dünyada çox az sayda ölkənin istehsal qabiliyyətinə malik olduğu 76 mm DENİZHAN Milli Dəniz Topu istehsal gücü 500%,
Artilleriya raketləri və 2.75 düym raketlərin istehsal gücü 1.900%,
60, 81 və 120 mm minaatan sursatlarının istehsal gücü 300%,
Tank və haubitsa (“Altay” tankı, “Fırtına/Gürhan”, “Boran”) silah sistemləri istehsal gücü 100%,
Snayper patronları istehsal gücü 455%,
Yüngül çaplı silahların istehsal gücü 50% artacaq.
Sevinc Əliyeva
Ordu.az