Erməni ekspert: “Ermənistan ya Britaniya koloniyası, ya da avro-koloniya statusunda olan, suverenliyini itirmiş kvazi-dövlətə çevrilib”

2026/03/1774687913.jpg
Oxunub: 571     20:19     01 Aprel 2026    
“Rusiyaya qarşı “manyak yönümlü” mövqeyi ilə tanınan Kaya Kallas parlament seçkilərini gözdən salmaq üçün hüquqi-siyasi zəmin hazırlamaq məqsədilə Ermənistana hibrid qrup göndərir”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.

“Lakin iyunun 7-si axşam saatlarında Nikol Paşinyan üçün seçki nəticələri baxımından “xoşagəlməz mənzərə” yaranacağı halda, Ermənistanın dövlətçilik yönümlü qüvvələri “hibridlər”in nəticələrinə və onların arxasında duran Kallas və fon der Lyayen kimi fiqurların mövqeyinə məhəl qoymamalıdır”, - deyə o qeyd edib.

Erməni ekspertin sözlərinə görə, hazırda Ermənistanın bütün dövlət institutları, o cümlədən güc strukturları Qərb mərkəzlərinin nəzarəti altındadır və Xarici Kəşfiyyat Xidmətinin martın 10-da seçkilərə xarici müdaxilə cəhdləri barədə yaydığı bəyanat da bu kontekstdə qiymətləndirilməlidir.

“Bu bəyanat mahiyyət etibarilə rüsvayçılıqdır və açıq şəkildə antirus xarakter daşıyır. Lakin Rusiya ilə əlaqələrimiz o qədər sıxdır ki, onlar guya hibrid hücumun haradan gəldiyini açıq deməyə cəsarət etmirlər. Amma aydındır ki, bu ad altında Rusiyanı hədəf alırlar. Çünki bu qurumların idarəetməsi faktiki olaraq bizim əlimizdə deyil. Həmin Kəşfiyyat Xidmətinin rəhbəri uzun müddət Britaniyada təlim keçib və sonra gəlib bu vəzifəyə təyin olunub. Aydın məsələdir ki, belə bir şəxs tərəfindən idarə olunan qurum ciddi şəkildə Britaniya təsiri altındadır”, - deyə Camalyan bildirib.

Erməni ekspert qeyd edib ki, Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın Ermənistanda “hibrid sürətli reaksiya qrupu” yerləşdirilməsi ilə bağlı açıqlaması ölkənin hazırkı hakimiyyət dövründə “avro-koloniyaya çevrildiyini” göstərir.

“Bu bəyanat onu göstərir ki, Ermənistan faktiki olaraq ya Britaniya koloniyası, ya da avro-koloniya statusunda olan, suverenliyini itirmiş kvazi-dövlətə çevrilib. Çünki bu “hibrid qrup”un üzvləri kimlərdir və burada nə edəcəklər?”, - deyə o bildirib.

Camalyanın fikrincə, estoniyalı olan və keçmiş baş nazir vəzifəsində çalışmış Kallas Baltikyanı regionda anti-Rusiya mövqeyinin təcəssümüdür və Rusiyaya zərər vermək üçün “manyak səviyyədə sabit yanaşmaya” malikdir.

“Kallas və fon der Lyayen, Rusiyaya qarşı manyak yanaşmaya malik iki qadın yalnız Avropaya zərər vermirlər. Avropada da ciddi müxalif fikir var, bəzi qüvvələr hesab edir ki, Rusiya ilə normal ticarət əlaqələri saxlanmalıdır. Amma bu qüvvələr üçün Ermənistan yalnız bir məqsəd daşıyır: onu anti-Rusiya dayaq nöqtəsinə çevirmək”, - deyə erməni ekspert vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Camalyan   Ermənistan  


Bizi "telegram"da izləyin