Erməni hərbi ekspert: “Müəyyən qüvvələr İran istiqamətindən Ermənistan ərazisinə daxil olmalı, “blokada”nı yararaq Qarabağa çatmalı idi”

2026/03/1774687913.jpg
Oxunub: 704     21:31     01 Aprel 2026    
“İran və Rusiya 2023-cü ilin sentyabrında, başlanmış hərbi əməliyyatlardan dərhal sonra Qarabağa kömək etməyə çalışıblar”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.

Onun sözlərinə görə, bu məqsədlə Ermənistan Müdafiə Nazirliyinə hərbi dəstək göstərmək, “Laçın blokadasını yarmaq” və Qarabağa çatmaq təklif olunub, lakin Ermənistan tərəfi İran və Rusiyanın birgə təklifini rədd edib.

Camalyan bu barədə danışarkən erməni mənşəli rusiyalı şərqşünas və politoloq Karine Gevorqyanın məlumatlarına istinad edib.

“2023-cü il sentyabrın 19-da hərbi əməliyyatlar başlayanda, həmin vaxt Rusiya müdafiə naziri olan Sergey Şoyqu Tehranda idi. İran tərəfdən, ya müdafiə naziri Aştiani, ya da Baş Qərargah rəisi Baqeri (hər ikisi ötən il İsrail hücumları zamanı həlak olub-red.) həmin gün günorta saatlarında, hücumdan dərhal sonra Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayaraq “Ermənistan ərazisindən baza kimi istifadə edib Qarabağda vəziyyəti sabitləşdirmək” təklifi irəli sürüblər”, - deyə Camalyan bildirib.

Camalyan Gevorqyanın 2023-cü il sentyabrın 20-də “Qovorit Moskva” radiostansiyasına verdiyi müsahibədə səsləndirdiyi məlumatlara istinad edib:

“Sentyabrın 20-də “Qovorit Moskva”ya müsahibəsində Karine Gevorqyan bildirib ki, İran tərəfindən zəng olub, orada Şoyqu da iştirak edib və “Ermənistan ərazisindən baza kimi istifadə edərək Qarabağda vəziyyəti sabitləşdirmək” təklif olunub. Bu onun ifadəsidir. Əgər bu diplomatik ifadəni açsaq, bu o deməkdir ki, müəyyən qüvvələr İran istiqamətindən Ermənistan ərazisinə daxil olmalı, “blokada”nı yararaq Qarabağa çatmalı idi. Amma xatırlayaq ki, nə baş verdi: həmin vaxt Təhlükəsizlik Şurasının iclası keçirildi və Nikol Paşinyanın rəhbərliyi ilə Şura müdaxilə etməmək, kənara çəkilmək qərarı verdi. Həmçinin xatırlayaq ki, 2023-cü ilin sentyabr hadisələrindən əvvəl Ərdoğanla Paşinyan arasında telefon danışığı olmuşdu”.

Camalyanın sözlərinə görə, Nikol Paşinyan özü də İran və Rusiya tərəfindən belə bir təklifin edildiyini etiraf edib.

“Paşinyan bildirib ki, bizi müharibəyə cəlb etməyə çalışırdılar. Nikol Paşinyan bu məlumatı təsdiqləyib və deyib ki, İran və Rusiya Qarabağa kömək etməyə çalışıblar, amma bizi müharibəyə çəkmək istəyirdilər. Kömək məsələsini çox romantik qəbul etməyək: həm İran, həm də Rusiya üçün burada bizim mövcudluğumuz və Qarabağın ermənilərin nəzarətində qalması sərfəlidir. Çünki bizim mövcudluğumuz onların təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Bu səbəbdən onlar hərbi güclə kömək etməyə hazır idilər ki, biz sabit qalaq və Qarabağın heç olmasa bir hissəsini qoruya bilək.

Lakin hakimiyyətdə olanlar bu təklifi rədd etdilər və Paşinyan özü də bunu etiraf etdi: “Bizi müharibəyə cəlb etməyə çalışırdılar”. Mən isə deyirəm ki, 18-20 yaşlı gəncləri göndərmək lazım deyildi. Qoy qoşun göndərməsinlər, heç nə etməsinlər, sadəcə ərazini təqdim etsinlər, Milli təhlükəsizlik strategiyasına uyğun olaraq öz funksiyalarını yerinə yetirsinlər və həmin qüvvələrin daxil olmasına icazə versinlər”, - deyə Camalyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Camalyan   Ermənistan  


Bizi "telegram"da izləyin