Ermənistanın Ombudsmanı: “Penitensiar müəssisələrdə 24 ölüm halı olub, onlardan 8-i intihardır” (HESABAT)

2026/03/17140-1774606516.jpg
Oxunub: 399     14:14     27 Mart 2026    
Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkilinin illik məruzəsi ilə paralel olaraq, Ombudsmanın milli preventiv mexanizm qismində 2025-ci ildə fəaliyyəti barədə illik hesabatı dərc olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Hesabatda milli preventiv mexanizmin monitorinqi nəticəsində aşkar edilmiş problemlər və onların həlli ilə bağlı təkliflər əksini tapır.

Sənəddə cəzaçəkmə müəssisələrində, psixiatriya təşkilatlarında, polis orqanlarının saxlanma yerlərində və məhkəmələrdə azadlıqdan məhrum edilmiş şəxslərin müvəqqəti saxlanma kameralarında qeydə alınmış problemlər ümumiləşdirilib. 2025-ci il ərzində Ombudsman milli preventiv mexanizm çərçivəsində 59 monitorinq səfəri həyata keçirib (20-si planlı, 39-u zərurətə görə) və mövcud problemlərin aşkarlanmasına, eləcə də onların aradan qaldırılması üzrə təkliflərin təqdim olunmasına töhfə verib.

Hesabata görə, 2025-ci ildə təqdim olunmuş 487 təklifdən 113-ü (23,2%) icra edilmiş hesab olunub, onlardan 49-u üzrə icranın davamlılığı təmin edilməlidir. 225 təklifin (46,2%) icrası qismən yerinə yetirilmiş sayılıb, 149 təklif (30,6%) isə hələ də icra olunmayıb.

Hesabat göstərir ki, görülən işlərə baxmayaraq, bir çox problemlər hələ də kifayət qədər həllini tapmayıb. Xüsusilə məhkəmələrdə azadlıqdan məhrum edilmiş şəxslərin müvəqqəti saxlanma kameralarında saxlanma şəraiti, kameraların təchizatı, işıqlandırma, sanitar-gigiyenik vəziyyət, hərəkət məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılmamış mühit, həmçinin qida, tibbi və hüquqi yardımın təminatı məsələləri diqqət mərkəzindədir.

Ermənistan KİV-ləri yazır ki, cəzaçəkmə müəssisələrində ölüm hallarının artması və intihar göstəricilərinin yüksək olması xüsusi narahatlıq doğurur. Ermənistan Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə 24 ölüm halı qeydə alınıb, onlardan 8-i intihardır. Cəzaçəkmə müəssisələrində ölüm göstəricisi əvvəlki illə müqayisədə iki dəfə artıb (2024-cü ildə 12 ölüm halı qeydə alınmışdı və onların hamısı bioloji ölüm idi), intihar göstəricisi isə son 15 ilin ən yüksək səviyyəsinə çatıb.

Ermənistanın Ombudsmanı vurğulayır ki, dövlətin öz yurisdiksiyası altında olan şəxslərin həyat hüququnun təmin olunması və hər bir ölüm faktı üzrə tam, hərtərəfli və effektiv araşdırmanın aparılması üzrə müsbət öhdəliyi var.

Hesabatda həmçinin işgəncə və pis rəftar hallarına adekvat reaksiya verilməsi, onların effektiv araşdırılması, psixiatriya müəssisələrində psixi sağlamlıq problemləri olan şəxslərin məcburi hospitalizasiyası zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, Ombudsman işgəncə qurbanları üçün tibbi, psixoloji, hüquqi və sosial xidmətləri əhatə edəcək dəstək mərkəzinin yaradılmasını da vacib sayır. Məqsəd zərərçəkmişlərin bərpasına və cəmiyyətə yenidən inteqrasiyasına kömək etməkdir. Ombudsman həmçinin səlahiyyətli orqanlarla əməkdaşlığın bir sıra məsələlərin həllinə imkan verdiyini, insan hüquqlarının müdafiəsi sahəsində mövcud problemlərin aradan qaldırılması üçün islahatların davam etdirilməsinin zəruriliyini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ombudsman  


Bizi "telegram"da izləyin