“Artıq dövlət iştirakının təşviq etdiyi repatriasiya üçün yeni mərhələyə başlamaq lazımdır” - Köçəryan

2026/03/1774549432.jpg
Oxunub: 438     22:18     26 Mart 2026    
“Biz keçmişdə Ermənistan-diaspor münasibətlərinin bərpasını həyata keçirmişik, çünki pis nöqtədən başlamışdıq, eyni zamanda bu münasibətləri kəskin şəkildə inkişaf etdirmişik və hesab edirəm ki, burada qarşılıqlı fayda açıq-aydın idi”.

Ordu.az xəbər verir ki, bunu bu gün repatriantlarla görüş zamanı Ermənistanın “Hayastan” blokunun lideri, ölkənin sabiq prezidenti Robert Köçəryan deyib.

“Diaspor güclü qüvvədir, amma eyni zamanda diaspor Ermənistandan miqrasiya üçün hazır infrastrukturdur, çünki hamının qohumları var. Əgər Ermənistanda təhlükəsizlik təmin olunmursa, insanlar pis yaşayırsa, mühit dözülməzdirsə, onda biz repatriasiya yox, ölkədən çıxış, ölkəni tərk etmə haqqında danışırıq. Hesab edirəm ki, hamının fikrində yalnız bir şey var: Ermənistana doğru.

Əgər istəyiriksə ki, repatriasiya olsun, biz Ermənistanda elə bir mühit formalaşdırmalıyıq ki, ölkəyə gəlmək, burada qalmaq və yaşamaq cəlbedici və anlaşılan olsun, insanlar buraya gəlməyə can atsınlar. Əgər burada pis mühit olarsa, Ermənistandan digər ölkələrə miqrasiya daha da artacaq. Əgər Ermənistan rəhbərliyi bunu anlamırsa, deməli ya bu rəhbərlik erməni rəhbərliyi deyil, ya da mən bilmirəm hansı maraqlarla hərəkət edir”, - deyə o qeyd edib.

Köçəryan, həmçinin bildirib: “Biz diasporla münasibətləri bərpa etmişik, inkişaf etdirmişik, amma yenə də deyə bilmərəm ki, bunlar dövlət dəstəyi proqramları idi, bu daha çox elə bir mühit yaratmaq idi ki, soydaşlarımızın Ermənistana gəlmək istəyi artsın. Məsələn, mən bəyan edirdim ki, burada tikinti inkişaf edərkən hər bir diaspor ermənisinin Ermənistanda mənzil və ya evi olmalıdır və çoxları buna reaksiya verdi. O vaxt müxtəlif yerlərdən insanlar burada restoranlar açırdı, mən şəxsən bir diaspor ermənisinin restoran açdığını eşidən kimi, mütləq ora gedirdim göstərim ki, biz bunu bilirik, sevinirik və dəstəkləyirik”.

O vurğulayıb ki, artıq dövlət iştirakının təşviq etdiyi repatriasiya üçün yeni mərhələyə keçmək lazımdır: “Dünyada belə təcrübələr çox deyil, çünki belə diasporu olan xalqlar da çox deyil. Ən maraqlı təcrübə, əlbəttə, İsrailin təcrübəsidir. Orada repatriasiya haqqında qanun və konkret proqram var, nə edirlər, necə dəstək göstərirlər. Bütün bu proses dövlət siyasətinin mühüm hissəsinə çevrilib və xaricdən gələn vətəndaşın qəbulundan başlayaraq ölkədə uyğunlaşma mərhələsinin sonuna qədər addım-addım həyata keçirilir.

Görünür, artıq belə siyasətə keçməyin vaxtıdır. Deyə bilmərəm ki, hazırda bu tam işlənib hazırlanıb, amma bu fikir məndə var və hesab edirəm ki, məhz bu yolla irəliləməyə cəhd edə bilərik”, - deyə sabiq erməni prezident vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin