Ermənistan KİV-i: İş yerləri kəskin azalıb: Əmək bazarında nə baş verib?

2026/03/1773816316.jpg
Oxunub: 396     14:29     27 Mart 2026    
İlin əvvəlində Ermənistanda iş yerləri azalıb, lakin bu azalma adi səviyyədə olmayıb, kəskin xarakter alıb. Yanvar ayında 36.5 min iş yeri bağlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın 168.am nəşri “İş yerləri kəskin azalıb: Əmək bazarında nə baş verib?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, əgər ötən ilin dekabrında rəsmi statistikaya görə bəyan edilmiş iş yerlərinin sayı təxminən 821.5 min idisə, bu ilin yanvarında bu göstərici cəmi 785 min olub.

“Son vaxtlar Nikol Paşinyanın və ya hər hansı “Vətəndaş Müqaviləsi” partiyasından olan məmurun bu barədə danışdığını, iş yerləri ilə bağlı göstəricilər açıqladığını eşitmisinizmi? Belə bir şey yoxdur. Hamı susur. Halbuki, yaxın keçmişdə hamı yekdilliklə iş yerlərinin tarixi rekordlarından danışırdı.

Görürük ki, ilin əvvəlində həmin “rekordlardan” heç nə qalmayıb. İş yerlərinin sayı hətta 800 mindən də aşağı düşüb. Xatırlayırsınızmı, Nikol Paşinyan nə vaxt bəyan edirdi ki, tarixdə ilk dəfə olaraq Ermənistanda qeydiyyatdan keçmiş işçilərin sayı 800 mini keçib?

“Tarixi rekordlar” olmadığı vaxt bu mövzuya toxunulmur. Rekord səviyyəli azalmalar isə Nikol Paşinyanın və hakim partiya nümayəndələrinin gündəmində yer almır. Halbuki bu ilin yanvarında bəyan edilmiş iş yerlərinin sayı on minlərlə azalaraq təkcə 800 mindən deyil, həm də ötən ilin sentyabrında qeydə alınmış “tarixi” rekorddan aşağı düşüb.

Yanvar ayında Ermənistanda iş yerlərinin sayı ötən ilin sentyabrı ilə müqayisədə daha az olub. Həmçinin iyul və avqust ayları ilə müqayisədə də azalma müşahidə edilib. Hətta iyun və may aylarından da aşağı göstərici qeydə alınıb”, - deyə müəllif yazıb.

Nəşr qeyd edib ki, bu ilin yanvarında iş yerlərinin sayı ötən ilin aprel ayı ilə müqayisədə də təxminən 2 min az olub.

“İlin əvvəlində, ilin sonu ilə müqayisədə iş yerləri 4.4 faiz azalıb. Burada müəyyən mövsümi amillər rol oynasa da, əvvəlki illərdə belə kəskin azalma qeydə alınmayıb. Ötən ilin əvvəlində də azalma olmuşdu, lakin cəmi 15.5 min iş yeri bağlanmışdı. Bu ilin yanvarında isə rekord azalma qeydə alınıb, ötən ilin sonu ilə müqayisədə 36.5 min daha az iş yeri mövcuddur. İş yerlərinin azalması tempi əvvəlki illə müqayisədə 2.3 dəfə artıb.

Bu azalmanın səbəbi məlum deyil. Lakin aydındır ki, illik müqayisədə iş yerlərinin artım tempi xeyli zəifləyib.

Bu ilin yanvarında ötən ilin yanvarı ilə müqayisədə iş yerləri cəmi 16.6 min artıb. Halbuki bir il əvvəl bu göstərici 41 min idi.

Bu rəqəmlər əmək bazarında baş verənləri açıq şəkildə göstərir. Hətta hakim partiyanın əsas nailiyyətlərindən biri kimi təqdim etdiyi iş yerlərinin artımı da zəifləməyə başlayıb. Çox vaxt qeyri-rəsmi iş yerlərinin leqallaşdırılması yeni iş yerlərinin yaradılması kimi təqdim olunurdu. Lakin artıq bu tendensiya da geriləyir. Yanvar ayında ötən ilin sonu ilə müqayisədə iqtisadiyyatın demək olar ki, bütün sahələrində iş yerləri azalıb, kiçik və orta biznesdə təxminən 14.8 min, iri biznesdə isə 21.7 min azalma qeydə alınıb”, - deyə KİV vurğulayıb.

Məqalədə qedy edilib ki, ən böyük azalma tikinti sektorunda müşahidə olunub. Ötən ilin sonu ilə müqayisədə bu sahədə çalışanların sayı 6.7 mindən çox azalaraq 43.2 mindən 36.5 minə düşüb.

“Tikintidə çalışanların sayı təkcə ilin sonu ilə deyil, ötən ilin əvvəlilə müqayisədə də azalıb. Bu sahədə ötən ilin yanvarı ilə müqayisədə 1.2 min daha az insan çalışıb.

Maraqlıdır ki, bu azalma tikinti sahəsində rəsmi olaraq yüksək artımın qeydə alındığı bir dövrdə baş verib. Statistikaya görə, bu ilin yanvarında tikinti həcmləri ötən ilin eyni dövrü ilə müqayisədə 18.7 faiz artıb.

Yəni tikinti həcmləri sürətlə artsa da, məşğulluq azalıb. Bunun necə mümkün olduğunu isə yalnız rəsmi statistika izah edə bilər.

18.7 faizlik artım fonunda 1.2 min iş yeri azalıb. Məntiqə görə isə əksinə olmalı idi, həcmlər artdıqca məşğulluq da artmalı idi. Lakin rəsmi statistika burada da ziddiyyətli mənzərə ortaya qoyur.

Ötən ilin sonu ilə müqayisədə topdan və pərakəndə ticarət sektorunda da təxminən 5.2 min iş yeri bağlanıb. Bu sahə iqtisadiyyatda ən çox iş yeri təmin edən sahələrdən biridir. Ötən ilin sonunda burada 142.6 min nəfər çalışırdısa, yanvar ayında bu rəqəm 137.4 minə düşüb.

Növbəti ciddi azalma emal sənayesində qeydə alınıb, burada iş yerləri 4 mindən çox azalıb. Yanvar ayında bu sahədə 90.9 min nəfər çalışıb. İlin əvvəlində mehmanxana və ictimai iaşə sahəsində 3 mindən çox işçi ixtisar olunub. Digər xidmət sahələrində isə 2.9 min nəfər azalma olub. Kənd təsərrüfatında da ötən ilin sonu ilə müqayisədə təxminən 1.7 min nəfər azalma qeydə alınıb”, - deyə müəllif yazıb.

Nəşrə görə, demək olar elə bir sahə yoxdur ki, ilin əvvəlində iş yerləri və məşğulluq azalmamış olsun: “Bu hal müəyyən mənada mövsümi xarakter daşısa da, əsas problem ondadır ki, bu il azalma tempi misli görünməmiş dərəcədə yüksək olub”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İş-yeri  


Bizi "telegram"da izləyin