Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan “MediaHub”a açıqlamasında deyib.
Parsyan bildirib ki, İran Ermənistan üçün uzun illər yalnız ticarət baxımından deyil, həm də kommunikasiya baxımından strateji tərəfdaş olub.
“İran bizim üçün təkcə bu və ya digər məhsulun idxalı və ya ixracı baxımından deyil, ilk növbədə ona görə strateji tərəfdaş olub ki, bu, bizim alternativ yolumuz, xarici dünya ilə bağlantımızdır. Gürcüstandan sonra ikinci alternativ yolumuz var idi, o da hazırda bağlıdır və Ermənistan indi xarici dünya ilə yalnız Gürcüstan vasitəsilə əlaqə saxlayır ki, bu da şübhəsiz əlavə risklər və xərclər yaradır”, - deyə o bildirib.
Erməni iqtisadçının sözlərinə görə, ərzaq təhlükəsizliyi baxımından İrandan asılılıq o qədər də böyük deyil, amma bəzi məhsullar mövsümi səbəblərlə məhz bu ölkədən idxal olunur.
“Son dövrdə vəziyyət dəyişib. Ərzaq baxımından İrandan böyük asılılığımız yoxdur, amma məsələn, mövsümlə bağlı olaraq müxtəlif meyvə və tərəvəzlər idxal edirik. Nəzərə alsaq ki, yaz və qış aylarında həmin kənd təsərrüfatı məhsulları bizdə ya istehsal olunmur, ya da çox baha qiymətə satılır, əgər bu blokada və müharibə uzun sürərsə, həmin məhsullar bizdə də bahalaşa bilər”, - deyə Parsyan qeyd edib.
O vurğulayıb ki, belə şəraitdə Ermənistan idxal istiqamətlərini diversifikasiya etməyə çalışmalıdır.
“Ermənistan Gürcüstandan, Türkiyədən, Rusiyadan və digər istiqamətlərdən idxal variantları tapmağa çalışmalıdır. Bu, müəyyən dərəcədə inflyasiyanı yumşaltmağa imkan verəcək. Bəli, müəyyən bahalaşma ola bilər, amma vəziyyəti yumşaltmağa çalışmaq lazımdır”, - deyə o bildirib.
Parsyanın sözlərinə görə, müəyyən asılılıq xüsusilə süd məhsulları üçün xammal məsələsində mövcuddur.
“Biz İrandan süd qaymağı, süd tozu, hətta kərə yağı idxal edirik. Süd istehsalımızın həcmi qeyri-müntəzəmdir: yayda çox süd istehsal edirik, qışda isə çox az. Amma təbii ki, əhaliyə süd məhsulları lazımdır və bu xammal problemini çox vaxt İrandan idxal hesabına həll edirik. Əgər bu xammal uzun müddət çatışmasa, bu, süd məhsullarının qiymətinə təsir göstərə bilər”, - deyə o vurğulayıb.
“Maarifli və qorunan istehlakçı” ictimai təşkilatının sədri Babken Pipoyan da bildirib ki, istehlakçılar bəzi məhsulların qiymətində dəyişiklik hiss edə bilərlər.
“Əlbəttə, istehlakçılar dəyişiklik hiss edəcəklər. İran xammalı xüsusilə yüksək yağlı süd məhsulları çeşidinə böyük təsir göstərir və təbii olaraq uzunmüddətli perspektivdə bunun qiymətlərə təsiri olacaq”, - deyə Pipoyan bildirib.
Əsassız qiymət artımlarının mümkünlüyü ilə bağlı suala cavabında o, riskin mövcud olduğunu istisna etməyib.
“Birmənalı şəkildə risk var ki, bəzi sahibkarlar vəziyyətdən istifadə edib əsassız bahalaşma etsinlər. Amma bunun üçün dövlət qurumu var və ümid edirik ki, müvafiq nəzarət həyata keçiriləcək”, - deyə Pipoyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az