Ermənistan KİV-i: Paşinyanın “sülh” şüarı seçki kampaniyasının əsas alətinə çevrilib

2026/03/1773688082.jpg
Oxunub: 381     22:10     26 Mart 2026    
Ermənistan parlamentində hökumətlə keçirilən sual-cavab zamanı Nikol Paşinyanla müxalifət arasında gərgin polemika yaşanıb və baş nazir yenidən Rusiyaya yönəlmiş sərt mesajlar verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında dərc olunan “Paşinyanın “sülh” şüarı seçki kampaniyasının əsas alətinə çevrilib” başlıqlı təhlil yazısında bildirilib.

Məqalədə qeyd olunur ki, Paşinyan çıxışında Ermənistanın bu gün “sülhə sahib olduğunu” deyib və əlavə edib ki, əgər özü bu sülhün təminatçısı olmasa, başqa heç kim olmayacaq.

“Biz təhlükəsizliyimizin təminatçısından imtina etdik və dövlət olduq, həmin təminatçının təminatçılığı dövründə biz dövlət olmamışıq, hətta bizə dövlət olmadığımız barədə məlumat da verilməyib”, - deyə Paşinyan bildirib.

Yazıda vurğulanır ki, Paşinyan ad çəkmədən Rusiyanı ittiham edir, eyni zamanda əvvəlki hakimiyyətləri də hədəfə alır. Müəllifin fikrincə, Paşinyan üçün “sülh” artıq seçkiöncəsi əsas şüara çevrilib və o, bundan yenidən hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışır.

Məqalədə bildirilir ki, son günlər sosial şəbəkələrdə və şəhər küçələrində mavi fonda “Sülh” yazılmış, Paşinyanın tanınmış ürək işarəsi ilə müşayiət olunan çoxsaylı plakatlar görünür.

Qeyd olunur ki, Paşinyanın əsas tezisi məhz sülh olacaq və digər siyasi qüvvələr müharibə tərəfdarı kimi təqdim ediləcək.

“Paşinyan cəmiyyətin qorxularından və sakit yaşamaq istəyindən seçkilərdə səs toplamaq üçün istifadə edir. Müxalifət hələlik cəmiyyətə izah edə bilmir ki, Paşinyanın rəhbərlik etdiyi qüvvə sülh gətirən deyil və hazırkı ritorika yalnız seçkiyə qədərki mərhələ üçün hesablanıb”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin