Ordu.az xəbər verir ki, bunu erməni politoloq Armen Hovasapyan Ermənistanın “Past” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Paşinyan artıq açıq şəkildə bəyan edir ki, onun göstərişi ilə “Soyqırımı Muzey-İnstitutu”nun (qondarma-red.) direktoru işdən çıxmaq barədə ərizə yazıb, həmçinin yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmayacaq.
“Konstitusiya “islahatları”ndan danışırlar. Amma başa düşməliyik ki, nə dəyişib ki, bunun islahat, yoxsa əksinə, pozucu dəyişiklik olduğunu anlayaq. Konstitusiyanın, yəni əsas qanunumuzun təməlini Müstəqillik Bəyannaməsi təşkil edib, bu bizim faktiki əsasımızdır, belə demək mümkündürsə, dövlətimizin doğum şəhadətnaməsidir”, - deyə Hovasapyan vurğulayıb.
Onun sözlərinə görə, Konstitusiya 1990-cı ildə qəbul olunmuş Müstəqillik Bəyannaməsinə istinadla qəbul edilib, həmin sənəddə erməni xalqının məqsəd və istəkləri aydın şəkildə əks olunub.
“Paşinyan orada yazılanlardan qorxur. Bu terminlər onun üçün stereotiplərdir. Hələ 2018-ci ildə Con Bolton demişdi ki, tarixi qəliblərdən çıxmaq lazımdır. 2018-ci ildə onun qarşısına bu vəzifə qoyulub, deyilib ki, bu sənin baxışındır, bu bəndləri qarşına qoy və mövzunu mərhələli şəkildə “bişir”, dozalarla cəmiyyətə təqdim et, insanların əhvalını yoxla və müəyyən vaxtdan sonra açıq oyuna keç”, - deyə Hovasapyan bildirib.
Erməni politoloqun qiymətləndirməsinə görə, Paşinyan hətta kilsələrdə Qarabağın adı çəkildiyini qeyd edir və bunu müharibəyə çağırış kimi təqdim edir.
“Jurnalistlərlə görüşündə o, öz ağrılarını göstərdi. Deyirdi ki, katolikos subaylıq andını pozub, sonra isə xarici agentlərdən danışdı. Amma bütün bunlar sadəcə tüstü pərdəsi idi”, - deyə o söyləyib.
Hovasapyan qeyd edib ki, bir neçə ay əvvəl erməni katolikos Dünya Kilsələ Şurasının təşkil etdiyi konfransda iştirak edib.
“Bundan dərhal sonra reaksiyalar gəldi və Paşinyan da tezisləri tədricən ortaya atmağa başladı, onları kiçik dozalarda ictimaiyyətə təqdim etdi. Məsələn, katolikosla bağlı gördü ki, irəli sürdüyü tezislər, öz tərəfdar qrupundan başqa, cəmiyyətin böyük hissəsinə ciddi təsir etmir.
Bu mərhələdə Paşinyan öz simasını və əsl niyyətini daha qabarıq şəkildə nümayiş etdirdi. O, indi bütün kartlarını açıb, açıq əllə mübarizə meydanına girib. İndi seçki dövrüdür, o, “va-bank”a getməli, öz əsl missiyasını göstərməlidir”, - deyə Hovasapyan bildirib.
O qeyd edib ki, Paşinyan artıq özünü Mesrop Maştotsla müqayisə edir, 2026-cı ili 405-ci illə tutuşdurur, müxtəlif tarixi mənbələrə istinad edir.
“O, özünü böyük ədəbiyyatşünas, ən yaxşı natiq, ən yaxşı şərhçi kimi təqdim edir”, - deyə Hovasapyan bildirib.
Erməni politoloq qeyd edib ki, Paşinyan özünü davamlı olaraq tarixi şəxsiyyətlərlə müqayisə edir.
“Görək növbəti dəfə özünü hansı tarixi fiqurla müqayisə edəcək. Bu, yaxşı yerə aparmır, belə şeyləri bəzən müalicə müəssisələrində görmək olur, insanlar deyirlər ki, mən Napoleonam, mən Kutuzovam. İnsanlarda müəyyən fikri saplantılar olanda, müxtəlif yapışqan düşüncələr meydana çıxır”, - deyə Hovasapyan qeyd edib.
O, Paşinyanın Avropa Parlamentindəki çıxışına da toxunub və bunu yardım istəyi kimi dəyərləndirənləri xatırladıb.
“Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını ölkə rəhbərinin çıxışı kimi təhlil etsək, bu sadəcə gülünc idi. Ölkə rəhbəri gedib xaricdə şikayətlənməzdi ki, gəlin, mənə kömək edin, məni sıxışdırırlar. O, ölkənin daxili işlərini xarici müstəviyə çıxardı və orada özü üçün dividend toplamağa çalışdı.
Bu çıxış daha çox müxalifət nümayəndəsinin çıxışını xatırladırdı. Təəssürat belə idi ki, sanki ölkə rəhbərini yox, müxalifət xadimini dinləyirəm. Çünki Paşinyan müxalifətçi davranışından uzaqlaşa bilməyib və gedib Avropa Parlamentində bu və ya digər məsələlərdən şikayətlənib”, - deyə o bildirib.
Hovasapyan qeyd edib ki, Paşinyanın çıxışından sonra qəbul olunan “Aİ-nin genişlənmə strategiyası” sənədində Ermənistanın Aİ-yə üzvlük perspektivindən bəhs olunmur.
“Həmin sənəddə Ermənistanın Aİ üzvlüyü perspektivi barədə bir kəlmə də yoxdur. Sadəcə başlanan prosesi alqışlayırlar. Bu da parlamentdə təşkil edilən həmin farsdan başqa bir şey deyil. Avropa eyni sənəddə Moldova və Ukrayna barədə danışsa da, Ermənistanla bağlı açıq şəkildə göstərdi ki, İrəvanın çəkisi hələ kifayət deyil.
“Bu, həm də Paşinyana mesaj idi ki, görsün, sonda hansı tərəfə meyl edəcək. Bir Avropaya gedir, bir amerikalılarla işləyir, bir də ruslarla, çinlilərlə BRICS-ə yaxınlaşır. Necə ola bilər ki, bir adam gedib müxtəlif ölkələrin liderləri ilə şəkillər paylaşsın, iki gün sonra da gedib Makronun çiyninə baş qoyaraq şikayət etsin?” - deyə Hovasapyan bildirib.
O vurğulayıb ki, region hazırda son dərəcə gərgin vəziyyətdədir və sabah İranla bağlı nə baş verəcəyini heç kim bilmir.
“Mənim qiymətləndirməmə görə, Avropa İranla bağlı hadisələr fonunda müəyyən müstəqillik də qazandı, çünki tam şəkildə Amerikanın ritminə oynamadı. Məsələn, İspaniya sərt mövqe nümayiş etdirdi. Avropa hazırda tam şəkildə Ukrayna məsələsinə fokuslanıb və bu səbəbdən Ermənistanda Paşinyan kimi ziddiyyətli fiqur vasitəsilə yeni cəbhə açmaq ciddi görünmür.
İran son günlər dövlətin nə olduğunu, suverenliyin nə demək olduğunu nümayiş etdirdi. Qərb tərəfi anlamır ki, İran başqa ölkə deyil. İran minilliklər boyu dövlətçilik təcrübəsinə malik olan ölkədir. Bu gün nə qədər deyilsə də ki, İran məsələsi həll edildi, paralel olaraq İran rəsmilərinin kifayət qədər inamlı açıqlamalarını görürük”, - deyə o vurğulayıb.
Erməni politoloq Zəngəzurdan keçən yol məsələsinə də toxunub və qeyd edib ki, İran ətrafında müharibə başlayanda ilk günlərdən TRIPP-in (Zəngəzur dəhlizi-red.) “öldüyünü” deyib.
“Tramp yolu” artıq mövcudluğunu dayandırıb. Əgər İran problemi həll edə bilsə, yəni danışıqlar başlasa və İran indiki statusu ilə qalsa, orada heç bir İran rəhbəri öz şimal sərhədində “Tramp” adlı hansısa strukturun mövcud olmasına imkan verməz.
Həmin ərazidə qüvvə toplana, nəzarət gücləndirilə və oradan kimlərin keçdiyini izləmək cəhdləri ola bilər. Əgər İranda hansısa dəyişiklik baş versə, yəni ABŞ yönlü hansısa əməliyyat həyata keçirilsə, onda da TRIPP yenidən prioritetini itirir, çünki həmin dəhliz artıq İran ərazisindən keçə bilər. Nəticədə “Tramp yolu” ətrafında yaradılan ajiotaj havaya sovrulur”, - deyə o qeyd edib.
Hovasapyan hesab edir ki, hər iki halda bu layihə sadəcə hansısa dəhlizə çevrilir və həmin ərazi təhlükəli nöqtə olaraq qalır.
“Mən təsəvvür etmirəm ki, ora iri sərmayələr qoyulsun. Bu, elə bir nöqtədir ki, istənilən an raket zərbələri ola bilər. Ora birbaşa zərbə zonasına çevrilə bilər. Hətta Ermənistanın suveren ərazisində döyüş əməliyyatlarının şahidi olma ehtimalını da istisna etmirəm”, - deyə erməni politoloq sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az