Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Vahaqn Saroyan sosial şəbəkə hesabında yazıb.
Saroyan qeyd edib ki, bir neçə il əvvəl böyük təmtəraqla ilk erməni peyki olan “ArmSat-1”in orbitə buraxılması elan edilmişdi.
“Xatırladım ki, peyk “SpaceX” şirkətinin raketi ilə kosmosa göndərilib və proqramın həyata keçirilməsi “Geocosmos” şirkəti ilə əlaqələndirilir”, - deyə o bildirib.
Onun sözlərinə görə, hakimiyyət nümayəndələri həmin vaxt peykin sərhədlərə nəzarət, kənd təsərrüfatının inkişafı, xəritələşdirmə və fövqəladə halların idarə olunması üçün istifadə ediləcəyini vurğulayırdılar.
“Maraqlıdır, bunun pulunu kim ödəyib? Təbii ki, dövlət büdcəsi, yəni Ermənistanın vergi ödəyiciləri”, - deyə Saroyan qeyd edib.
Erməni ekspert bildirib ki, müxtəlif məlumatlara görə, proqram təxminən 7 milyon dollara başa gəlib, lakin əsas məsələ onun konkret nəticələrinin nədən ibarət olmasıdır.
“Maraqlıdır, bu peyk Ermənistanın təhlükəsizliyinə hansı konkret nəticəni verib, ölkə hansı iqtisadi faydanı əldə edib, neçə dövlət proqramı onun məlumatlarından real istifadə edir və ən başlıcası, bununla bağlı ictimai hesabat haradadır?”, - deyə o sual verib.
Saroyan xatırladıb ki, peyk təxminən 4 illik istismar müddəti üçün nəzərdə tutulub və artıq zaman keçir.
“Cəmiyyət hələ də bilmir ki, bu sistem vasitəsilə əslində nə edilir. Əgər layihə vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilibsə, o zaman həmin vergi ödəyicilərinin bu dövlət proqramının Ermənistana və “Ermənistanın qürurlu vətəndaşı”na nə verdiyini bilmək hüququ var”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az