Sabiq erməni deputat: “Rəsmi İrəvan ən mürəkkəb inkişaf ssenarilərinə hazır olmalıdır”

2026/03/1773761106.jpg
Oxunub: 425     18:37     26 Mart 2026    
“Etiraf etmək lazımdır ki, hərbi əməliyyatlar çox vaxt intensiv informasiya müharibəsi ilə müşayiət olunur və bu da tərəflərdən birinə tez qələbə qazanmaq üçün əlavə imkan verə bilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, erməni şərqşünas Qor Gevorqyan sosial şəbəkə hesabında yazıb.

Gevorqyan bildirib ki, müharibəyə təhrik etmək və ya müharibə zamanı yeni cəbhə açmaq məqsədilə dövlətlər bəzən “çirkli üsullar”dan istifadə edirlər.

“Tarixdə bu üsullar daha çox başqasının bayrağı altında həyata keçirilən əməliyyatlar, “false flag operations” və ya müharibəyə başlamaq üçün bəhanələr “casus belli” kimi tanınır”, - deyə o qeyd edib.

Gevorqyanın sözlərinə görə, tarixdə bu qəbildən olan nümunələr kifayət qədər çoxdur.

“Tarix göstərir ki, yüksək geosiyasi mərcin olduğu müharibələrdə və hərbi-siyasi proseslərdə, o cümlədən İrana qarşı gedən müharibədə hərbi təxribat amilini istisna etmək olmaz”, - deyə Gevorqyan vurğulayıb.

O qeyd edib ki, Ermənistan ətrafında artıq müəyyən təhlükələr mövcuddur və regionda baş verən proseslər bu riskləri daha da artıra bilər.

“Əgər emosional yanaşmaları bir kənara qoysaq, görərik ki, müxtəlif aktorların strateji hesablamaları mövcuddur. Bu şəraitdə rəsmi İrəvan dəfələrlə daha ayıq olmalı və inkişafın ən mürəkkəb ssenarilərinə hazırlaşmalıdır, eyni zamanda ABŞ-nin çəkindirmə amilini də nəzərdən qaçırmamalıdır”, - deyə Gevorqyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gevorqyan   Ermənistan  


Bizi "telegram"da izləyin