“Past”: Sosial gərginliyin artması və qütbləşmənin dərinləşməsi

2026/03/1773144892.jpg
Oxunub: 383     16:18     10 Mart 2026    
Son məlumatlar göstərir ki, Ermənistanda inflyasiya meyli yenidən güclənir. 2026-cı ilin fevral ayında illik inflyasiya 4,3 faizə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Sosial gərginliyin artması və qütbləşmənin dərinləşməsi” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, halbuki bir il əvvəl bu göstərici 2,5 faiz idi. Rəqəm ilk baxışdan nisbətən mülayim görünsə də, onun dərin komponentlərinin təhlili göstərir ki, inflyasiya əsasən cəmiyyətin həyat səviyyəsinə birbaşa təsir edən sahələrdə baş verir.

“Ermənistanın istehlak bazarında qiymət artımının əsas səbəbi ərzaq məhsullarının əhəmiyyətli dərəcədə bahalaşmasıdır. İllik hesabla ərzaq qiymətləri təxminən 6,9 faiz artıb. Bu isə yüksək göstəricidir, xüsusilə nəzərə alsaq ki, ötən ilin eyni dövründə artım təxminən 4,6 faiz olmuşdu.

Ərzaq məhsullarının bahalaşması sosial baxımdan ən həssas məsələlərdən biridir. Çünki orta və aşağı gəlirli ailələrin xərclərinin əsas hissəsi məhz bu sahədə cəmlənir. Ermənistanda bir çox ailələrin büdcəsində ərzaq xərclərinin payı inkişaf etmiş ölkələrlə müqayisədə daha böyükdür. İnkişaf etmiş ölkələrdə gəlir səviyyəsi yüksəkdir və xərclərin strukturu daha müxtəlifdir. Bu isə o deməkdir ki, ərzaq qiymətlərində nisbətən kiçik artım belə insanların həyat səviyyəsinə ciddi təsir göstərə bilər”, - deyə nəşr bildidirib.

KİV vurğulayıb ki, inflyasiyanın ikinci mühüm komponenti xidmət sektorunda tariflərin artmasıdır.

“2026-cı ilin fevral məlumatlarına görə, bu artım təxminən 3,2 faiz təşkil edib. Nəqliyyat, rabitə, səhiyyə, təhsil və digər xidmətlərin bahalaşması ev təsərrüfatlarının xərclərini tədricən artırır.

Ərzaq məhsullarının bahalaşması gündəlik alış-verişdə dərhal hiss olunsa da, xidmətlərin qiymətinin artması daha çox aylıq və ya illik xərclərin yüksəlməsi şəklində özünü göstərir. Bu isə insanların real alıcılıq qabiliyyətini azaldır.

Bununla yanaşı, qeyri-ərzaq məhsullarının qiymət artımı nisbətən zəif olub və cəmi 0,9 faiz təşkil edib. Bu göstərir ki, inflyasiya təzyiqi bütün istehlak mallarına deyil, əsasən insanların gündəlik həyatında daha vacib olan sahələrə yönəlib.

Maraqlıdır ki, bir il əvvəl qeyri-ərzaq məhsullarının qiymətləri hətta müəyyən qədər (təxminən 0,3 faiz) azalmışdı. Bu müqayisə göstərir ki, Ermənistanda inflyasiya prosesləri kifayət qədər qeyri-bərabər struktura malikdir: bəzi sahələrdə qiymətlər sürətlə artır, digərlərində isə nisbətən sabit qalır”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, inflyasiyanın səbəbləri çoxşaxəlidir və həm daxili, həm də xarici iqtisadi amillərlə bağlıdır.

“Ermənistan iqtisadiyyatı xüsusilə ərzaq məhsulları və enerji daşıyıcılarının idxalı baxımından xarici bazarlardan ciddi şəkildə asılıdır. Beynəlxalq bazarlarda qiymətlər dəyişəndə, bu dəyişikliklər qısa müddətdə Ermənistanın istehlak bazarında da əks olunur.

Son illərdə dünya iqtisadiyyatında müşahidə olunan qeyri-sabitlik, təchizat zəncirlərinin pozulması, regional münaqişələr və enerji qiymətlərinin dəyişkənliyi inflyasiya təzyiqlərini demək olar ki, qaçılmaz edir.

Eyni zamanda, daxili amillər də mühüm rol oynayır. İqtisadiyyatın struktur problemləri, istehsalın məhdud həcmi və idxaldan asılılıq tez-tez belə bir vəziyyət yaradır ki, daxili bazarda təklif tələbi tam ödəyə bilmir. Bu xüsusilə kənd təsərrüfatı məhsulları və ərzaq sahəsinə aiddir.

Daxili istehsal bazarın tələbatını qarşılamadıqda, qiymətlərə idxalın dəyəri və beynəlxalq bazarlardakı dəyişikliklər daha güclü təsir göstərir.

İnflyasiyanın sosial nəticələri də olduqca əhəmiyyətlidir və bəzən iqtisadi göstəricilərin dəyişməsindən daha ciddi təsir yaradır. Qiymətlərin artması insanların real gəlirlərini azaldır, hətta maaş və pensiyalar nominal olaraq azalmadığı halda belə”, - deyə nəşr qeyd edib.

KİV vurğulayıb ki, inflyasiya istehlak davranışına da təsir edir. İnsanlar qiymət artımını hiss etdikdə, alış strukturunu dəyişir, daha çox zəruri mallara diqqət yetirir və ikinci dərəcəli xərcləri azaldırlar.

“Bu isə bəzi iqtisadi sahələrdə, xüsusilə də qeyri-əsas istehlakla bağlı sektorların fəaliyyətinin azalmasına səbəb ola bilər. Nəticədə iqtisadi artım da zəifləyə bilər, çünki istehlak iqtisadi fəallığın əsas hərəkətverici qüvvələrindən biridir.

İnflyasiya eyni zamanda sosial bərabərsizliyi də dərinləşdirə bilər. Yüksək gəlirli insanlar qiymət dəyişikliklərinə daha asan uyğunlaşırlar. Çünki onların gəlirlərinin bir hissəsi investisiya və ya digər aktivlərdə saxlanıla bilir.

Aşağı gəlirli qruplar isə gəlirlərinin böyük hissəsini birbaşa istehlaka xərclədikləri üçün inflyasiyanın təsirini daha ağır hiss edirlər. Bu vəziyyət sosial gərginliyin artmasına və cəmiyyət daxilində iqtisadi qütbləşmənin dərinləşməsinə gətirib çıxara bilər.

İnflyasiyanın təsiri biznes mühitində də hiss olunur. Bir tərəfdən, qiymət artımı bəzi şirkətlərin gəlirlərini artıra bilər. Digər tərəfdən isə xammalın, enerjinin, əmək qüvvəsinin və logistikanın bahalaşması istehsal və xidmət xərclərini yüksəldir.

Bu isə şirkətləri ya məhsullarının qiymətini artırmağa, ya da xərcləri azaltmağa məcbur edir. Xərclərin azaldılması isə bəzən iş yerlərinin və ya əməkhaqlarının ixtisarı hesabına həyata keçirilir”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnflyasiya  


Bizi "telegram"da izləyin