Erməni siyasi xadim: “Ermənistanı anlaşılmaz bir hekayəyə cəlb etdilər”

2026/03/Ekran-1772821353.jpg
Oxunub: 312     15:12     10 Mart 2026    
“Ermənistanı anlaşılmaz bir hekayəyə cəlb etdilər”.

Ordu.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan “Facebook” səhifəsində yazıb.

“Az əvvəl məlum oldu ki, Azərbaycan İrana humanitar yardım göndərir. Gəlin hadisələrin ardıcıllığına baxaq.

Əvvəlcə İranın ali dini liderinin, yəni faktiki olaraq dövlət başçısının qətlə yetirilməsi baş verdi. Bundan sonra İlham Əliyev İran İslam Respublikasının səfirliyinə getdi və səfirliyin matəm kitabına başsağlığı sözləri yazan yeganə dövlət başçısı oldu. Daha sonra İran pilotsuz uçuş aparatlarının Naxçıvan hava limanına hücum etməsi barədə xəbərlər yayıldı.

Bundan sonra İlham Əliyev İran İslam Respublikası ilə hava və quru sərhədlərini bağladı, qınayıcı bəyanatlar verdi. Ardınca İranın Baş Qərargahı, eləcə də İranın xarici işlər naziri Azərbaycanın üzərinə hücum etdiklərini təkzib etdi.

Bundan sonra Azərbaycana zənglər edildi, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Ermənistan da bu zənglərə qoşuldu, Ermənistan da zəng edərək dəstək bildirdi, nəyə görə olduğunu isə bilmirəm.

Daha sonra Azərbaycan bəyanat yayaraq bir sıra beynəlxalq təşkilatlara və ölkələrə təşəkkür etdi ki, onlar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək göstəriblər, zəng ediblər, narahatlıqlarını bildiriblər və s. Yəni anti-İran kampaniyasının içində Ermənistan bayrağı da yer aldı, mənim də danışdığım məhz bu idi.

Bundan sonra bazar günü Prezident Pezeşkian ilə İlham Əliyev arasında telefon danışığı oldu və Pezeşkian yenidən bildirdi ki, onlar Azərbaycanın hava limanına hücum etməyiblər. Bundan sonra İlham Əliyev İranla sərhədi açdı və bu gün Azərbaycan artıq İrana humanitar yardım göndərdiyini açıqladı.

Yəni nə baş verdi? İki qonşu arasında münasibətlər gərginləşdi, bəyanatlar verildi, Ermənistanı da anti-İran kampaniyasına cəlb etdilər, sonra isə özləri barışdılar və indi humanitar yardım göndərirlər.

Budur Ermənistan diplomatiyası, budur diplomatlarımızın, Ermənistanın təhlükəsizliyi ilə məşğul olan insanların davranışı və fəaliyyəti. Bu insanlar rüsvayçılıqdır, sıfır diplomatik bacarıq, uzağı görmək qabiliyyəti sıfırdır və bu cür davamlı olaraq ölkəni axmaq hekayələrin içinə salıblar”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marukyan   Ermənistan  


Bizi "telegram"da izləyin