Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Rəqəmlərlə manipulyasiya: vətəndaşları necə aldadırlar?” başlıqlı məqaləsində yazıb.
“Ermənistanda vergi-ÜDM göstəricisi 2025-ci ildə 1 faiz bəndi yaxşılaşaraq 24.5 faizə çatıb”, - deyə Komitə sədri bildirirdi və qürurla qeyd edirdi ki, 1 faiz bəndi artım 2018-ci ildən etibarən vergi-ÜDM göstəricisinin ikinci ən böyük yaxşılaşmasıdır və bu da hökumətin bu il üçün proqramda hədəflədiyi 25 faiz vergi-ÜDM səviyyəsinə çatmağa imkan verəcək.
Nəşr qeyd edib ki, Komitə sədri bu bəyanatı verəndə ÜDM göstəricisi hələ açıqlanmamışdı. Amma bu, belə pafoslu rəqəmlərin səsləndirilməsinə mane olmurdu.
“Qeyd edək ki, Komitə sədrindən əvvəl maliyyə naziri də eyni saxta optimizmlə belə açıqlamalar yayırdı. O da deyirdi ki, Ermənistanda vergilərin ÜDM-ə nisbəti 2025-ci ilin sonunda 24.5 faiz olacaq və hökumətin 25 faiz hədəf göstəricisinə yaxınlaşacaq.
Ötən ilin ÜDM göstəricisi açıqlananda isə məlum oldu ki, həm maliyyə naziri, həm də Dövlət Gəlirləri Komitəsinin sədri yalan danışıb. Vergi yığımında yaxşılaşma ötən il açıqlanan 1 faiz bəndindən xeyli aşağı olub. Bu şəxslərin ÜDM göstəricisi açıqlanmadan əvvəl niyə belə bəyanatlar verdiyini və saxta optimizmlə vətəndaşları niyə aldatdıqlarını anlamaq isə yəqin ki, çətin deyil.
Qeyd edək ki, dövlət büdcəsinə görə hökumət vergi inzibatçılığının yaxşılaşdırılması, kölgə iqtisadiyyatı ilə mübarizə və vergi siyasəti tədbirləri nəticəsində 2025-ci ildə vergi-ÜDM nisbətinin 0.7 faiz bəndi yaxşılaşacağını gözləyirdi.
İndi isə baxaq, əslində nə baş verib.
Rəsmi statistikaya görə, 2025-ci ildə Ermənistanın ÜDM-i 11 trilyon 317 milyard dram olub. Təxminən 2 trilyon 725 milyard dram vergi və rüsum toplanıb. Toplanan vergi və rüsumlar ÜDM-in 24.07 faizini təşkil edib”, - deyə KİV bildirib.
Müəllif bildirib ki, bu göstərici hətta 24.1 faizə də çatmayıb. Halbuki Komitə sədri yaxın vaxtlarda ötən ilin nəticələrinə görə vergilərin ÜDM-də 24.5 faizə çatdığını deyirdi.
“Hədəf göstərici də yerinə yetirilməyib.
Artıq aydındır ki, onlar 2026-cı il üçün vəd etdikləri 25 faiz vergi-ÜDM səviyyəsinə də çata bilməyəcəklər.
Amma bu, ən pisi də deyil. Vergi yığımında misilsiz artımlardan, yüksək göstəricilərdən, bəzən isə hətta planın artıq icrasından çox danışırlar. Halbuki kölgə iqtisadiyyatı ilə mübarizənin və vergi inzibatçılığının qiymətləndirilməsi baxımından ən mühüm göstərici olan ÜDM-də vergi yığımının səviyyəsi çox yavaş yaxşılaşır, hətta ümumiyyətlə yaxşılaşmır.
Məlum olur ki, son iki ildə ÜDM-də vergilərin payı demək olar ki, dəyişməyib və eyni səviyyədə qalıb.
2023-cü ildə ÜDM-də vergilərin payı 24 faiz olmuşdu.
2024-cü ildə bu göstərici yaxşılaşmaq əvəzinə azaldı. Yəni ÜDM-də vergi yığımı pisləşdi və vergi-ÜDM nisbəti 23.5 faiz oldu.
Ötən ilin nəticələrinə görə isə bu göstərici 24.07 faiz təşkil edib.
Beləliklə, iki il ərzində ÜDM-də vergi yığımını cəmi 0.07 faiz bəndi (2023-cü ildəki 24 faizdən 2025-ci ildə 24.07 faizə qədər) yaxşılaşdırmaq mümkün olub. Bu isə demək olar ki, yaxşılaşma hesab edilə bilməz. Hələ onu demirik ki, ötən ilin göstəricisinə geri qaytarılmış gəlir vergisi məbləğləri də daxildir.
Bütün bunların nəticəsində kölgə iqtisadiyyatı ilə mübarizədə demək olar ki, sıfıra yaxın nəticə əldə olunub. Bu isə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də kiçik və orta biznes üzərində vergi yükünün kəskin artırılması şəraitində baş verib”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, məlum olduğu kimi, ötən il dövriyyə vergisinin yükü iki dəfə artırılıb, iqtisadiyyatın bəzi sahələri ümumiyyətlə dövriyyə vergisi sistemindən çıxarılaraq daha ağır vergi yükü olan ümumi vergi sisteminə keçirilib.
“Hətta mikro sahibkarlıq subyektləri də istisna olmadı, onlar 20 faiz gəlir vergisi ilə vergiyə cəlb olundular, mikro sahibkarlıq sahəsində fəaliyyət göstərənlər üçün mövcud olan güzəştli vergi sistemi ləğv edildi və daha ağır dövriyyə vergisi sisteminə keçirildi.
Kiçik və orta biznes üçün vergi yükünün artırılmasından başqa, məlumdur ki, hər il yanacaq, siqaret, araq və bir çox digər məhsullar kimi aksizli mallara tətbiq olunan aksiz vergiləri də avtomatik artırılır.
Digər dəyişikliklərdən isə hələ danışmırıq.
Bütün bunlara baxmayaraq, iki il ərzində vergi-ÜDM göstəricisi demək olar ki, dəyişməz qalıb. 2024-cü ildəki azalmadan sonra 2025-ci ildə sadəcə 2023-cü ilin səviyyəsinə qayıdıb”, - deyə məqalədə qeyd edilib.
Müəllif sual verib ki, bəs kölgə iqtisadiyyatı ilə aparılan “barışmaz mübarizə”, vergi inzibatçılığının təkmilləşdirilməsi və islahatlar barədə səsləndirilən pafoslu bəyanatlar harada qaldı?
“Axı vergi yığımının effektivliyi nominal olaraq nə qədər vergi toplandığı ilə deyil, ÜDM-də vergilərin payı ilə ölçülür. Görürük ki, iki ildə real yaxşılaşma olmayıb. Bu isə o deməkdir ki, həyata keçirilən vergi islahatları mənasız və nəticəsiz olub.
Hətta uzunmüddətli dövrdə də hökumət vergi-ÜDM göstəricisini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilməyib. 2021-ci ildə bu göstərici 22.7 faiz idi, 2025-ci ildə isə 24.07 faiz olub.
Fərq cəmi 1.37 faiz bəndidir.
Dörd il ərzində cəmi 1.37 faiz bəndi yaxşılaşma təmin edə biliblər. Orta hesabla ildə cəmi 0.34 faiz bəndi, demək olar ki, həmişə olduğu qədər…
Buna baxmayaraq, daim vergilərin misilsiz artımından və yüksək göstəricilərdən danışırlar”, - deyə KİV vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az