MKE-yə beynəlxalq maraq: Yaponiya, Azərbaycan və Estoniya nümayəndə heyətləri ziyarət etdi

2026/03/1772897541.jpg
Oxunub: 395     19:24     07 Mart 2026    
Son günlər MKE üç ayrı ölkənin nümayəndə heyətlərini qəbul edib.

Ordu.az xəbər verir ki, ixrac hədəfini artıran MKE Yaponiya, Azərbaycan və Estoniya nümayəndə heyətlərini qəbul etməklə yanaşı, NATO təlimi çərçivəsində TCG “Anadolu” gəmisində britaniyalı heyətə də imkanlarını təqdim edib.

Yaponiyanın Təchizat, Texnologiya və Logistika Agentliyi ilə Quru Özünümüdafiə Qüvvələrinin şəxsi heyətindən ibarət nümayəndə heyəti MKE-ni ziyarət edib. Təqdimatdan sonra MKE müəssisələrini gəzən nümayəndə heyəti şirkətin imkanları və potensial əməkdaşlıq sahələri haqqında ətraflı məlumat alıb.

Azərbaycan müdafiə sənayesi naziri MKE-ni ziyarət etdi

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və AZERSİLAH Holdinqin baş direktoru Emil İbrahimov MKE-yə səfər ediblər.

Səfər çərçivəsində MKE-nin müdafiə sənayesi sahəsində istehsal imkanları, məhsul portfeli və texnologiya infrastrukturu ilə bağlı geniş təqdimat keçirilib. Türkiyənin milli müdafiə nazirinin müavini və MKE İdarə Heyətinin sədri Alpaslan Kavaklıoğlu ilə baş direktor İlhami Keleşin iştirak etdiyi görüşlərdə ortaq istehsal imkanları, təchizat prosesləri və mümkün əməkdaşlıq sahələri müzakirə olunub.


Estoniya Müdafiə Nazirliyi MKE-də

Estoniya müdafiə nazirinin müşaviri və onu müşayiət edən nümayəndə heyəti MKE sursat zavodunu ziyarət edib.

Ziyarət proqramı çərçivəsində nümayəndə heyətinə MKE-nin məhsul portfeli və korporativ imkanları barədə geniş məlumat verilib. Görüşlər zamanı müdafiə sənayesi sahəsində potensial əməkdaşlıq imkanları barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

MKE-nin yerli və milli sistemlərinə Böyük Britaniyada böyük maraq

NATO-nun “Steadfast Dart-2026” təlimindən sonra Böyük Britaniyanın Sauthempton şəhərinə liman səfəri edən TCG “Anadolu” gəmisində yüksək texnologiyalı sistemlər təqdim olunub. Burada kamikadze tipli insansız dəniz platforması PİRANA, MKE TOLGA yaxın hava hücumundan müdafiə sistemi, BALKIN sursatı və ağıllı dəniz minası MALAMAN nümayiş etdirilib.

Səfərlər çərçivəsində dost və müttəfiq ölkələrin nümayəndə heyətləri məhsullar barədə ətraflı məlumat alıb və şirkətin istehsal imkanları beynəlxalq səviyyədə bir daha nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin