Ordu.az xəbər verir ki, hazırda İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriya hava məkanlarının bağlı olduğunu bildirən nazir Uraloğlu Oman, İordaniya və Səudiyyə Ərəbistanında isə qismən uçuşların davam etdiyini qeyd edib.
Nazir Uraloğlu bunları deyib:
“İran ilə ABŞ–İsrail arasında baş verən müharibədən təsirlənən hava məkanları ilə bağlı inkişafları yaxından izləyirik.
İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyada (Hələb istisna olmaqla) hava məkanlarının bağlı qalması davam edir. Oman, İordaniya və Səudiyyə Ərəbistanında isə qismən uçuşlar davam edir, Birləşmiş Ərəb Əmirliklərində hava hərəkəti nəzarətli və məhdud şəkildə həyata keçirilir.
Aviaşirkətlərimiz təhlükəsizlik risklərinə görə İran, İraq, Suriya, Livan və İordaniya istiqamətlərinə uçuşları 2026-cı il martın 6-na qədər dayandırmışdı.
Bu gün etibarilə “Türk Hava Yolları”, “Ajet”, “Pegasus” və “SunExpress” tərəfindən İran, İraq, Suriya, Livan və İordaniya istiqamətlərinə uçuşlar martın 9-u günün sonuna qədər dayandırılıb. Bundan əlavə, İran istiqamətində “Pegasus Hava Yolları” martın 12-nə, “Türk Hava Yolları” isə martın 20-nə qədər bu ölkəyə uçuşlarını proqramdan çıxarıb.
Hava məkanındakı inkişaflarla bağlı gündəlik qiymətləndirmələr çərçivəsində Qətər, Küveyt, Bəhreyn və BƏƏ istiqamətində uçuşlar bu gün həyata keçirilməyəcək.
Bundan əlavə, İstanbul Hava Limanında 4, Muğla Dalaman Hava Limanında 2, Ankara Esenboğa Hava Limanında isə 1 “İraq Hava Yolları”na məxsus təyyarə park vəziyyətindədir. Ümumilikdə 7 təyyarə üçün park vəziyyəti mövcuddur və proses aidiyyəti qurumlarla koordinasiyalı şəkildə izlənilir.
Digər tərəfdən bu gün etibarilə Tehran Hava Limanında “Türk Hava Yolları” və “Pegasus”a məxsus 2 təyyarəmiz, İraqda isə “Tailwind Hava Yolları”nın icarəyə götürdüyü 1 təyyarə mövcuddur.
Bundan başqa, Naxçıvan Beynəlxalq Hava Limanı yaxınlığına düşən pilotsuz uçuş aparatı hadisəsindən sonra “Azərbaycan Hava Yolları”na məxsus iki sərnişin təyyarəsinin Iğdır Şəhid Bülent Aydın Hava Limanına enişi planlı şəkildə həyata keçirilib. Təyyarələrdə olan sərnişinlər isə təhlükəsiz şəkildə avtomobil yolu ilə Naxçıvana çatdırılıb.
Bölgədəki hadisələr aidiyyəti qurumlarımız tərəfindən yaxından izlənilir və hava məkanı ilə hava limanlarında baş verə biləcək dəyişikliklərə uyğun olaraq koordinasiyalı fəaliyyət davam etdirilir”.
Sevinc Əliyeva
Ordu.az