Erməni baş redaktor: “Bunun bədəlini Ermənistan vətəndaşı ödəyəcək”

2026/03/1772866710.jpg
Oxunub: 361     10:54     07 Mart 2026    
“ABŞ və İsrailin İrana qarşı hücumu İsrailin Baş nazirindən başqa heç kim üçün müsbət nəticə verə bilməz”.

Ordu.az xəbər verir ki, bunu “Zartonk” qəzetinin baş redaktoru, erməni siyasi xadim Sevak Hakobyan deyib.

Onun sözlərinə görə, ABŞ və İsrailin hərəkətləri nəticəsində islam dünyasında səslənən cihad çağırışlarının ardınca gedənlər ola bilər və bu, dünya üçün ciddi problemlər yarada bilər.

Hakobyan qeyd edib ki, Ermənistan hakimiyyəti İlham Əliyevin sözlərini diqqətlə dinləməlidir.

“İran Ermənistanın birbaşa qonşusudur. Mən bilmirəm, bəlkə də bəzi həmvətənlərimizin şüuraltında Ermənistanın coğrafi mövqeyi aydın deyil? Bəlkə onlar elə düşünürlər ki, Ermənistan Brüsselin qonşuluğundadır? Suriyada problemlər kəskinləşəndə birdən-birə Livanda 2 milyon suriyalı qaçqın peyda oldu. Onlar “günahsız qaçqınlar” deyildi, orada hər cür insan var idi. İndi isə əgər birdən İran xalqına qarşı ciddi vətəndaş təhlükəsi yaransa, onların yeganə çıxış yolu Ermənistana qaçmaq olacaq.

Bu gün Ermənistanda hakimiyyətdə olanlar “peraşki” və qarğıdalı yeməklə məşğuldursa və ya öz xalqına hər şeyin yaxşı olduğunu yazan məktublar göndərirsə, məsələn, Ermənistanda birdən 200 min qaçqın peyda olsa, nə edə bilərlər? İnsanlar sevinəcəklər ki, evlərini baha qiymətə kirayəyə verə biləcəklər? Amma belə olmayacaq. Belə bir “qaçqın axını” baş verərsə, ciddi proqramlar həyata keçirilməlidir”, - deyə o vurğulayıb.

TRIPP (Zəngəzur dəhlizi-red.) ətrafında mümkün inkişaflara gəlincə, o qeyd edib ki, bu obyekt istənilən anda ABŞ ilə mübarizə aparan hansısa ölkənin hədəfinə çevrilə bilər: “Bu hədəfləmə nəticəsində yaranacaq təhlükəsizlik problemi sonda Ermənistan ərazisində hiss olunacaq və bunun bədəlini Ermənistan vətəndaşı ödəyəcək”.

Hakobyanın fikrincə, hazırkı hakimiyyətin seçkiqabağı təbliğatı “kreslodan yapışıb qalmaq üçün son cəhdlərə” bənzəyir: “Amma onların uğuru və ya uğursuzluğu həm də müxalifətin fəaliyyətindən asılıdır. Mən istərdim ki, müxalifət vahid cəbhə ilə çıxış etsin və seçkilərdə iştirak etməyən 50 faizlik seçici kütləsini səsvermə qutularına gətirə bilsin”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakobyan   Ermənistan  


Bizi "telegram"da izləyin