Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
“Qısa xatırladaq ki, əvvəlki sayımızda bildirmişdik: Paşinyanın reytinqinin çox aşağı vəziyyətdə olduğunu görənlər yaxın vaxtlarda uydurma məlumatların dövriyyəyə buraxılması qərarına gəliblər. Qısası, Paşinyanın guya yüksək reytinqə malik olduğunu göstərmək üçün “rəqəmlər atmaq” planlaşdırılıb.
Və budur, ilk addım: ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun sifarişi ilə hazırlanmış “sosioloji sorğunun” nəticələri dərc olundu.
Amma ədalət naminə demək lazımdır ki, xeyli “təvazökarlıq” ediblər. Rahatlıqla yaza bilərdilər ki, məsələn, Paşinyanın 150 faiz səsi var. Zarafat bir yana, amma Paşinyana dəstək verən Vensin partiyasının nəzarətində olan “International Republican Institute” (IRI) tərəfindən yayılan “sorğu” erməni sosial şəbəkə seqmentində istehzalı reaksiyaların sayına görə, şübhəsiz ki, rekord qırdı”, - deyə nəşr qeyd edib.
KİV bildirib ki, əvvəlki məqalədə səsləndirilən müşahidələr 100 faiz təsdiqlənib.
“Paşinyanın və “Vətəndaş Müqaviləsi”nin vəziyyəti o qədər pisdir ki, Paşinyanın PR-ı ilə məşğul olan hansısa Qərb təşkilatı “rəqəmlər atmağa” məcbur qalır.
İkincisi, necə olur ki, belə rəqəmlər hər dəfə Paşinyanın reytinqi aşağı düşəndə ortaya çıxır? Bu sual, təbii ki, ritorikdir.
Üçüncüsü isə aydındır ki, göstərmək istəyirlər guya Paşinyanın dəstəyi əsas müxalif qüvvələrin hamısının birlikdə əldə edə biləcəyi səslərdən daha çoxdur. Halbuki reallıq və cəmiyyətin əsl əhval-ruhiyyəsi tamamilə fərqlidir.
Hər halda şəhərdə gəzib insanlarla danışanda görürsən ki, bəlkə də hər üçüncü, hətta hər ikinci insanın arzusu belədir: “Bunlar getsinlər”, - deyə nəşr vurğulayıb.
KİV bildirib ki, üstəlik, məlumatlara görə, müxtəlif sorğular tam əks mənzərə göstərir.
“Digər tərəfdən, belə sorğuların müəllifləri sanki erməni xalqını təhqir etmək istəyirlər. Göstərmək istəyirlər ki, guya xalq o qədər pis, o qədər özünə hörmətsiz və ləyaqətsizdir ki, reallığı adekvat qiymətləndirə bilmir və bu qədər dağıntıdan sonra da hakimiyyətə səs verməyə hazırdır.
Əslində isə bu sadə texnologiyadır: ilk növbədə cəmiyyətdə ümidsizlik yaratmaq, insanları demotivasiya etmək istəyirlər ki, seçkilərə getməsinlər. Hakimiyyət üçün aşağı seçici fəallığı sərfəlidir, çünki belə halda sabit inzibati resurs həlledici rol oynaya bilər.
Yeri gəlmişkən, çoxlarında belə təəssürat yaranmışdı ki, həmin sorğu yalnız “Vətəndaş Müqaviləsi” tərəfdarları arasında keçirilib. O halda göstərilən nəticələr, o cümlədən Nikol Paşinyanın təxminən 24 faiz reytinqi müəyyən qədər məntiqli görünə bilər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az