Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur”da 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Harutyun Harutyunyanın atası Gevorq Harutyunyan deyib.
“Mən istəmirəm ki, hökumətin hər hansı bir üzvü oğlumun və digər oğulların məzarlarına yaxınlaşsın. Bu gün burada olmağımın yeganə səbəbi budur.
Səhər saat 6:10-dan buradayam, “Yerablur”da xeyli canlanma var idi, o cümlədən polis qüvvələri, mülki geyimdə olanlar da var idi. Demək olar ki, bütün “Yerablur”u axtardılar, əraziləri, sahələri yoxlayırdılar. Ərazini təmin edir, təmizləyirdilər, çünki ölkənin və xalqın xainləri, torpaq satanlar bura gəlməlidir.
Onların buraya gəlməsi biabırçılıqdır. Söhbət təkcə 44 günlük müharibənin oğullarından getmir, ümumilikdə “Yerablur”dan gedir. Oğulların etdikləri hər şeyi puç etdilər, şərəfi tapdaladılar. Bu gün hansı məqsədlə “Yerablur”a gəldiklərini, hansı üzlə gəldiklərini bilmirəm, buna qiymət verə bilmirəm”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun atası bildirib.
O qeyd edib ki, hər bir müharibədə qaliblər və məğlublar olur: “Əgər uduzsaydıq, amma sonradan bilsəydik ki, rəhbərlik normal olub və oğullarımıza, sonra da ölkəyə xəyanət etməyib, buna da alışardıq, deyərdik ki, rəhbərlik günahkar deyil, gücümüz çatmadı. Amma onlar xəyanət etdilər, ölkəni təslim edib satdılar. Bu rəhbərliyin burada edəcəyi heç nə yoxdur. Mən onları rəhbər də hesab etmirəm, onlar bizim rəhbərimiz deyil, sadəcə türkün icraçılarıdır”.
Alpər Mövludoğlu
Ordu.az