Erməni hərbçinin anası: “Xarici işlər nazirinin “cınqıltısı”ndan başqa hakimiyyətdən heç nə eşitməmişik”

2026/06/1782192453.jpg
Oxunub: 206     14:39     29 İyun 2026    
2020-ci il müharibəsində itkin düşən erməni hərbçilərin valideynləri hakimiyyət dəyişikliyinin onların övladlarının taleyi ilə bağlı məsələlərin həllinə təkan verəcəyinə ümid etsələr də, seçkilərdən sonra bu ümidlərin puç olduğunu bildirirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

İtkin düşmüş erməni hərbçilərdən birinin anası Karine Manavazyan deyir ki, Nikol Paşinyan hakimiyyətdə qaldıqca bu məsələnin həlli mümkün görünmür.

Manavazyan bildirib ki, 2020-ci il müharibəsində itkin düşmüş erməni hərbçilərin valideynləri uzun müddət hakimiyyət dəyişikliyinə ümid bəsləyiblər.

“Mən həmişə demişəm və indi də təkrar edirəm ki, əgər Ermənistanda hakimiyyət dəyişsəydi, bizim oğullarımızın taleyi ilə məşğul olardılar. Hakimiyyət dəyişməyibsə, deməli, ümidimiz tamamilə sönüb.

Heç nə dəyişməyib və Nikol Paşinyan hakimiyyətdə qaldığı müddətdə heç nə də dəyişməyəcək. O getməyənə qədər heç bir məsələ həll olunmayacaq. Heç kim bu problemin həlli üçün əlini daşın altına qoymayacaq. Bu məsələnin həll olunması və nəticə əldə etməyimiz onlara sərf etmir”, - deyə o bildirib.

İtkin düşmüş erməni hərbçinin anası vurğulayıb ki, Paşinyan nə seçkiqabağı kampaniya dövründə, nə də ondan sonra itkin düşmüş hərbçilərlə bağlı hər hansı açıqlama verib.

“Nikol Paşinyan nə seçki kampaniyası zamanı, nə də ondan sonra itkin düşmüş oğlanlarımız barədə bir kəlmə belə danışmayıb. Eşitdiyimiz yeganə şey xarici işlər naziri Ararat Mirzoyanın “cınqıldadınız” ifadəsi oldu”, - deyə Manavazyan qeyd edib.

Onun sözlərinə görə, son illərdə hakimiyyət nümayəndələrindən eşitdikləri yeganə şey müxtəlif bəhanələr və nəticəsiz vədlər olub.

“Xarici işlər nazirinin həmin “cınqıltısı”ndan başqa hakimiyyətdən heç nə eşitməmişik. Açığı, artıq onlardan nəsə eşitməyi də gözləmirəm. Təəssüf ki, iyunun 7-də seçkilərin saxtalaşdırılaraq onların yenidən hakimiyyətə gətirildiyini anlayandan sonra vəziyyətim daha da ağırlaşıb. Həmin gündən etibarən mənim son ümidim də söndü. Düşünürdüm ki, başqa hakimiyyət gələcək və nəsə edəcək, amma belə olmadı.

Bunlar heç nə etməyəcəklər. Artıq altıncı ildir ki, sübut edirlər ki, bu istiqamətdə hər hansı addım atmaq niyyətində deyillər”, - deyə o vurğulayıb.

Manavazyan bildirib ki, artıq uzun müddətdir heç bir dövlət qurumuna müraciət etmir.

“Mən səmimi danışacağam. Baş verənlərdən sonra özüm heç bir çıxış yolu görmürəm. Dəli kimi oturub düşünürəm ki, bunlar hakimiyyətdə olduqları müddətdə çıxış yolu yoxdur. Nə danışırlarsa, sadəcə danışmaq xatirinə danışırlar.

Artıq heç kimin qapısını döyməyə ehtiyac görmürəm. Hamısından yorulmuşam. Bu qədər laqeydlik gördükdən sonra yenə gedib nə etməliyik?

Bir polis əməkdaşı mənə dedi ki, “xala, bu sənin problemindir”. Hüquq-mühafizə orqanı əməkdaşının belə söz deməsi normaldırmı? Mən bilirəm ki, bu mənim problemimdir, mənim dərdim və ağrımdır. Amma görünür, bu ağrı heç bir dövlət qurumunu maraqlandırmır”, - deyə o bildirib.

Nəşr xatırladır ki, 2020-ci il müharibəsindən sonra Üçmüədzindəki “Kimyaçılar hərbi hissəsi”nin itkin düşmüş hərbçilərinin valideynləri müxtəlif dövlət qurumlarına müraciət etsələr də, övladlarının taleyi ilə bağlı hər hansı məlumat əldə edə bilməyiblər.

Qeyd olunur ki, erməni valideynlər Ermənistan Milli Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi, Müdafiə Nazirliyi və digər dövlət qurumlarına dəfələrlə müraciət ediblər.

“Onlara verilən yeganə cavab, hökumət istisna olmaqla, demək olar ki, hər yerdə eyni olub: “Məşğul oluruq”. Lakin illər keçməsinə baxmayaraq, ailələr hələ də konkret nəticə görmədiklərini bildirirlər”, - deyə nəşr yazıb.

Həmçinin xatırladılır ki, 2023-cü il iyulun 26-da həmin hərbi hissənin itkin düşmüş erməni hərbçilərinin valideynləri Bağramyan prospektində, prezident iqamətgahının qarşısında etiraz aksiyası keçiriblər.

“Aksiya iştirakçıları Nikol Paşinyan onları qəbul edib dinləyənə qədər oturaq etiraz aksiyası keçirəcəklərini bəyan etmişdilər. Valideynlər saatlarla yolu bağlasalar da, polis əməkdaşları və bəzi məmurlar istisna olmaqla, hökumətin heç bir üzvü onlara yaxınlaşmamışdı”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manavazyan  


Bizi "telegram"da izləyin