Ermənistan KİV-i: “Thales Group”-Ermənistan əməkdaşlığının təməlini kim qoyub?

2026/06/1782192314.jpg
Oxunub: 272     14:24     29 İyun 2026    
“Fransanın “Thales” şirkəti ilə əməkdaşlıq edən və illərdir bu əlaqələri inkişaf etdirən Azərbaycan indi eyni şirkətin Ermənistanla əməkdaşlığı fonunda təhlükələrdən danışmağa başlayıb. Ermənistan mətbuatının qiymətləndirməsinə görə, Bakı Ermənistanın müdafiə imkanlarının gücləndirilməsi ilə bağlı istənilən addımı risk kimi təqdim etməyə çalışır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında dərc olunan “Thales Group”-Ermənistan əməkdaşlığının təməlini kim qoyub?” sərlövhəli məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, Ermənistanın müdafiə naziri Suren Papikyan 2026-cı il iyunun 15-də Parisdə Fransanın KNDS və AIRBUS şirkətlərinin nümayəndələri ilə görüş keçirərək əməkdaşlığın gedişinə dair bir sıra məsələləri müzakirə edib.

Nəşr xatırladır ki, 2024-cü ilin iyununda Ermənistan Müdafiə Nazirliyi ilə KNDS arasında hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalanıb və bu müqavilə çərçivəsində Ermənistan Fransadan CAESAR özüyeriyən artilleriya qurğuları əldə edib.

“Bu ilin may ayında isə Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri zamanı məlum olub ki, Ermənistanın müdafiə qurumu “AIRBUS Helicopters” şirkəti ilə nəqliyyat helikopterlərinin tədarükünə dair müqavilə imzalayıb”, - deyə məqalədə qeyd olunub.

Müəllif bildirir ki, “Eurosatory 2026” beynəlxalq sərgisi çərçivəsində yalnız Ermənistan Müdafiə Nazirliyinin deyil, həm də Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin nümayəndələri Fransaya səfər edib və bu fonda Fransanın aparıcı “Thales” şirkəti ilə Ermənistanın “BooTech” şirkəti sənaye tərəfdaşlığının başlanmasını elan ediblər.

“Razılaşmaya əsasən, “BooTech” döyüş əməliyyatlarının idarə olunması sistemləri, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və əlaqəli sahələr üzrə sənaye tərəfdaşı kimi fəaliyyət göstərəcək. “Thales” öz texnologiyaları və istehsal təcrübəsini bölüşəcək, “BooTech” isə sistemlərin inteqrasiyası və şəbəkə həllərinin hazırlanmasına diqqət yetirəcək”, - deyə nəşr yazıb.

Məqalədə xüsusi vurğulanır ki, “Thales” ilə əməkdaşlığın əsası əslində son illərdə deyil, hələ 2018-ci ildə qoyulub.

“Fransız və Avropa texnologiya nəhəngi olan “Thales” ilə əməkdaşlığın təməli 2018-ci ilin sentyabrında Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın Fransaya səfəri zamanı qoyulub. O, şirkət rəhbərliyi ilə görüşlər keçirib, daha sonra isə 2018-ci ilin noyabrında şirkətin rəqəmsal istehsal müəssisəsini ziyarət edərək mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib”, - deyə məqalədə bildirilib.

Nəşrin məlumatına görə, 2019-cu ilin iyununda Armen Sarkisyan Paris Aviasiya Sərgisi çərçivəsində “Thales Group”un prezidenti Patris Keyn ilə görüşüb.

“Həmin görüş zamanı şirkət nümayəndələrinin Ermənistana səfərinin təşkili və qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyənləşdirəcək işçi qruplarının yaradılması barədə razılıq əldə olunub. Süni zəka, rəqəmsal məlumatların idarə olunması və digər perspektivli sahələr əməkdaşlığın əsas istiqamətləri hesab edilib”, - deyə müəllif vurğulayıb.

Məqalədə qeyd olunur ki, 2019-cu ilin sentyabrında “Thales Group”un nümayəndə heyəti Ermənistana gəlib və bu fakt şirkətlə əməkdaşlıq ideyasının çoxdan formalaşdığını göstərir.

“Fransız şirkəti ilə əməkdaşlıq barədə çox daha əvvəl düşünülüb və burada Ermənistanın keçmiş prezidentinin konkret rolu olub. Onun fəaliyyəti ilə bağlı müxtəlif dövrlərə dair iradlarımız olsa da, bu fakt qeyd edilməlidir”, - deyə məqalədə vurğulanıb.

Nəşr əlavə edir ki, bu, müdafiə naziri Suren Papikyanın sonrakı dövrdə apardığı danışıqların əhəmiyyətini azaltmır.

Məqalədə daha sonra xatırladılır ki, 2023-cü ildə Ermənistan və Fransa müdafiə nazirləri “Thales” istehsalı olan GM 200 radarlarının satışı barədə müqavilə imzalayıblar və həmin radarlar artıq Ermənistana çatdırılıb.

“2025-ci ildə isə məlum olmuşdu ki, Ermənistana radarlar tədarük edən şirkət NATO-nun hava hücumundan müdafiə proqramına qoşulub. NATO-nun Dəstək və Satınalmalar Agentliyi ASELSAN, “Lockheed Martin UK”, “Raytheon”, AIRBUS və “Thales” ilə müqavilələr imzalayıb. Bu əməkdaşlıq hava hücumundan müdafiə üzrə modul sistem konsepsiyasının hazırlanması ilə bağlıdır”, - deyə məqalədə qeyd olunub.

Müəllif diqqəti Azərbaycanın “Thales” ilə daha əvvəl əməkdaşlıq etməsinə də yönəldib.

“Azərbaycan “Thales” ilə təxminən 2013-2014-cü illərdən əməkdaşlıq edir. 2018-ci ildə hətta bu şirkətin məhsullarının Azərbaycanda istehsal oluna biləcəyi barədə məlumatlar yayılmışdı. 2023-cü ildə isə şirkətin Azərbaycanda nümayəndəlik açacağı bildirildi”, - deyə nəşr yazıb.

Məqalədə vurğulanır ki, bütün bunlara baxmayaraq, Azərbaycan mediası Ermənistan-Fransa müdafiə əməkdaşlığını risk kimi təqdim edir.

“Baku TV”nin yaydığı təhlildə qeyd olunur ki, “Thales” radar sistemləri, hava məkanına nəzarət, idarəetmə sistemləri, rabitə, radioelektron mübarizə və kibertəhlükəsizlik sahələrində dünyanın aparıcı istehsalçılarından biridir və bu əməkdaşlıq Ermənistanın müdafiə sənayesini inkişaf etdirmək niyyətini göstərir”, - deyə məqalədə bildirilib.

Nəşr qeyd edir ki, Azərbaycan tərəfi bu əməkdaşlığın Ermənistanın hava məkanına nəzarət, sərhəd mühafizəsi, pilotuz uçuş aparatlarına qarşı mübarizə və artilleriyanın koordinasiyası sahəsində imkanlarını artıracağını qeyd edir və bunu regional təhlükəsizlik baxımından risk kimi təqdim edir.

Məqalənin sonunda qeyd olunur ki, Bakı təkcə Ermənistan-Fransa əməkdaşlığını deyil, “Qartal tərəfdaş-2026” təlimlərini və hətta İranın Ermənistanı silahlandırdığı barədə arqumentləri də gündəmdə saxlayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Thales   Silah  


Bizi "telegram"da izləyin