Ordu.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində" beynəlxalq konfransdakı çıxışında deyib.
Onun sözlərinə görə, bu vəzifələrdən biri beynəlxalq səviyyədə türkoloji tədqiqatların koordinasiyasını gücləndirməkdir:
"Ayrı-ayrı ölkələrdə aparılan araşdırmalar vahid elmi platformada birləşdirilməli, ortaq layihələr həyata keçirilməli, elmi məlumat bazaları yaradılmalı, açıq elmi mübadilə mexanizmləri genişləndirilməli, yeni nəsil gənc türkoloqlar yetişdirilməlidir. Türk dünyasının aparıcı ali təhsil müəssisələri arasında davamlı əməkdaşlıq, ortaq elmi laboratoriyaların, tədqiqat mərkəzlərinin və innovasiya platformalarının yaradılması gələcək inkişafın əsas şərtlərindəndir".
Rektor bildirib ki, BDU 107 illik zəngin tarixində Azərbaycan türkologiya məktəbinin formalaşmasına mühüm töhfələr verib:
"Universitetimizin görkəmli alimləri türk dillərinin, türk xalqları tarixinin, folklorunun və ədəbiyyatının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıblar, zəngin elmi məktəb formalaşdırıblar. Bu gün də BDU türkoloji tədqiqatların inkişafını özünün prioritet istiqamətlərindən biri hesab edir".
Ordu.az