Ordu.az xəbər verir ki, ABŞ ordusu müasir döyüş meydanında meydana çıxan asimmetrik təhdidlərə qarşı hava hücumundan müdafiə imkanlarını artırmaq və daha səmərəli həllər hazırlamaq məqsədilə “xTech” proqramı çərçivəsində işləri sürətləndirib.
“Breaking Defense” nəşrinin məlumatına görə, ordu LCI proqramının əsas komponentlərinin hazırlanması istiqamətində 2026-cı il iyulun 6-dan etibarən şirkətlərdən konsepsiya layihələri qəbul etməyə başlayacaq.
Müraciət raket mühərrikləri, axtarış başlıqları, atəşin idarəolunması və tuşlama sistemləri kimi hava hücumundan müdafiə raketlərinin əsas komponentlərini əhatə edəcək.
Bundan əlavə, layihədə açıq sistem arxitekturasının yaradılmasına cavabdeh olacaq əsas silah sistemi inteqratorunun seçilməsi də nəzərdə tutulur.
Bu yanaşma gələcək modernizasiya proseslərini daha çevik etməyi, bütün komponentlərin vahid platformada birləşdirilməsi hesabına isə tam hazır raket kompleksinin hazırlanmasını hədəfləyir.
Proqram ötən ay ABŞ ordusunun katibi Den Driskoll tərəfindən elan edilmişdi.
Rəsmilər bildiriblər ki, proqram üzrə sürətləndirilmiş iş qrafiki hazırlanıb və ilk real atış nümayişlərinin bu payız keçirilməsi planlaşdırılır.
Den Driskoll bildirib ki, proqram çərçivəsində əvvəlki kimi Pentaqonda qapalı şəkildə tələblər müəyyən edilməyəcək.
“Bunun əvəzinə elm bizim üçün nə edə bilər, bacarıqlı istehsalçılar bizə nə təklif edə bilər suallarına cavab axtaracağıq”, - deyə o qeyd edib.
Driskoll vurğulayıb ki, LCI proqramı mövcud yüksək texnologiyalı hava hücumundan müdafiə sistemlərini əvəz etmək məqsədi daşımır. Onun sözlərinə görə, mövcud sistemlər “Ferrari səviyyəsində məhsullardır” və yüksək effektivliyə malikdir.
Yeni raketlərin qiyməti ilə bağlı danışan Driskoll bildirib ki, konkret məbləğ müəyyən etmək niyyətində deyillər. O xatırladıb ki, may ayında hər bir ələkeçirmə raketinin ideal xərcinin 250 min dollardan aşağı olmasının arzuolunan olduğunu açıqlamışdı.
Lakin o əlavə edib ki, əgər 280 min, 420 min və ya 610 min dollar dəyərində həll daha effektiv olarsa, həmin sistem də alınacaq.
ABŞ Müharibə Nazirliyinin Atəş Dəstəyi İmkanları Portfelinin rəhbəri, briqada generalı Qay Yelverton isə bildirib ki, konsepsiya layihələrinin qiymətləndirilməsindən sonra real atış nümayişlərinə qatılacaq şirkətlər seçiləcək.
Sınaqların Nyu-Meksiko ştatındakı “White Sands” Raket Sınaq Poliqonunda keçirilməsi planlaşdırılır.
Yelverton qeyd edib ki, şirkətlərə təkliflərini təqdim etmək üçün dörd həftə vaxt veriləcək və bunun ardınca 120 günlük qiymətləndirmə prosesi başlanacaq.
Onun sözlərinə görə, seçiləcək sistemlərin hazırlıq səviyyəsindən asılı olaraq bəzi layihələr birbaşa istehsal mərhələsinə keçə bilər.
Sevinc Əliyeva
Ordu.az