Rusiyanın ən böyük aviaşirkətlərinin hər beş təyyarəsindən biri texniki nasazlıq səbəbindən uçuşlara cəlb edilmir

2026/06/1782735199.jpg
Oxunub: 217     16:11     29 İyun 2026    
Rusiyanın ən böyük aviaşirkətlərinə məxsus təyyarələrin təxminən 20%-i ehtiyat hissələrinin çatışmazlığı və texniki xidmətə ehtiyac səbəbindən istismar olunmur.

Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Məlumata görə, Rusiyada sərnişin daşımalarının 90%-dən çoxunu həyata keçirən 11 aviaşirkətin parkında olan 673 təyyarədən hazırda 130-u istismardan kənarda saxlanılır. Mütəxəssislər bildirirlər ki, yay mövsümündə planlı texniki xidmət səbəbindən təyyarələrin ümumi sayının 10%-ə qədərinin uçuşlara çıxmaması normal hesab olunur. Lakin “Aeroflot” qrupu nəzərə alınmadıqda, qalan səkkiz daşıyıcının parkındakı 322 təyyarədən 93-ü, yəni təxminən üçdə biri uçuşlara cəlb edilmir.

Bu yay ən böyük problemlə özəl “S7” aviaşirkəti üzləşib. Şirkətin 104 təyyarəsindən ibarət parkının üçdə biri istismar olunmur. Mühərrik problemləri səbəbindən 32 ədəd “A320neo” və bir “Embraer” təyyarəsi park vəziyyətində saxlanılır.

Oxşar vəziyyət “Ural Hava Yolları”nda da müşahidə olunur. Şirkət 51 təyyarəsindən 10-nu, o cümlədən bütün səkkiz “A321neo”, bir A320 və bir A321 təyyarəsini istismar etmir.

“Utair” aviaşirkətinin 59 təyyarəsindən doqquzu uçuşlara çıxmır. Onlardan yeddisi hələ 2023-2025-ci illərdə istismardan çıxarılıb. Bu təyyarələr arasında üç “Boeing 767” uzaqmənzilli təyyarəsinin hamısı da var.

“Nordwind” aviaşirkətində vəziyyət daha ağırdır. Şirkətin 27 təyyarəsindən 12-si uçuş həyata keçirmir. Bunların arasında beş “A330” uzaqmənzilli təyyarəsindən üçü və dörd “Boeing 777” təyyarəsindən üçü yer alır.

“Red Wings” aviaşirkəti 26 təyyarəsindən beşini istismardan kənarda saxlayır. Onların arasında üç “Boeing 777” təyyarəsindən ikisi də var. Bundan başqa, şirkətin parkında olan 20 ədəd SSJ 100 təyyarəsindən ikisi bir neçə aydır uçuş həyata keçirmir, üçüncüsü isə mühərrik nasazlığı səbəbindən 2026-cı il iyunun 18-dən etibarən uçuşlardan kənarlaşdırılıb.

“Smartavia” 13 təyyarəsindən üçünün, o cümlədən iki “A320neo” və bir “Boeing 737” təyyarəsinin istismarını dayandırıb.

Ən mürəkkəb vəziyyət isə çarter daşımaları həyata keçirən “Azur Air” şirkətində müşahidə olunur. Təyyarələrin mühərriklərində aşkar edilən ciddi problemlərdən sonra “Rosaviasiya”nın yoxlamaları nəticəsində şirkətin 23 təyyarəsindən yalnız altısına uçuş icazəsi verilib. Bu isə aviaparkın 74%-nin park vəziyyətində saxlanılması deməkdir.

Ötən həftə aviasiya yanacağı ilə bağlı böhran vəziyyəti barədə açıqlama verən “Azimut” şirkətində isə 19 ədəd SSJ 100 təyyarəsindən dördü istismardan kənardadır. Bununla belə, şirkət bütün təyyarələrinin planlı texniki xidmət mərhələləri nəzərə alınmaqla istismar edildiyini bildirib.

349 təyyarəyə malik “Aeroflot” qrupunda ümumilikdə 37 təyyarə uçuşlara çıxmır. Onların əksəriyyəti “Rossiya” aviaşirkətinin payına düşür. Şirkətin 136 təyyarəsindən 30-u park vəziyyətindədir. Hazırda səkkiz ikimərtəbəli “Boeing 747” təyyarəsindən yalnız ikisi, on “Boeing 777” təyyarəsindən dördü və 78 ədəd SSJ 100 təyyarəsindən 61-i istismardadır. Daha iki SSJ 100 təyyarəsi isə mühərrik nasazlığı səbəbindən 2026-cı il iyunun 24-dən etibarən uçuşları dayandırıb. Digər təyyarələr isə 2022-2025-ci illər ərzində park vəziyyətinə keçirilib.

“Aeroflot”un özündə isə 171 təyyarədən cəmi yeddisi uçuş həyata keçirmir. Bunlara altı “Airbus 320neo” təyyarəsindən üçü, 12 A330 təyyarəsindən biri, yeddi A350 təyyarəsindən biri və iki “Boeing 777” daxildir.

“Kommersant”ın həmsöhbəti olan ekspertlər bildiriblər ki, sanksiyalar altında beşinci ilini yaşayan aviasiya sektoru üçün iri aviaşirkətlərin təyyarələrinin üçdə birinin istismar edilməməsi “pis göstərici deyil”. Bununla belə, onların proqnozuna görə, 2027-ci ildən etibarən təyyarələrin köhnəlməsi və resurslarının tükənməsi səbəbindən aviaparkın aşınması və istismardan çıxarılması prosesi daha da sürətlənəcək. Bu vəziyyət xüsusilə SSJ 100 modellərinə aid olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Təyyarə  


Bizi "telegram"da izləyin