Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor Vahe Davtyan bildirib.
Davtyan Avropa Komissiyasının üzvü Marta Kosun Ermənistan əriklərinin ilk partiyasının Avropa İttifaqına çatması ilə bağlı paylaşımını tənqid edib.
“Avropa Komissiyasının üzvü Marta Kos təntənəli şəkildə elan edir ki, Ermənistan əriklərinin ilk simvolik partiyası Avropa İttifaqına çatıb. O, həmçinin Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri ilə birlikdə əlində ərik tutduğu fotoşəkil də paylaşıb. Sual yaranır: dünyaya təqdim etmək istədiyimiz Ermənistan budurmu?”, - deyə o bildirib.
Erməni professorun sözlərinə görə, Ermənistanın Avropa uğur hekayəsinin infrastruktur, sənaye, energetika, yüksək texnologiyalar və ya strateji layihələr üzərindən deyil, bir neçə ərik üzərindən təqdim olunması simvolik məna daşıyır.
“Bu artıq sadəcə kənd təsərrüfatı məhsulunun ixracı məsələsi deyil. Bu, ölkənin necə mövqeləndirilməsi məsələsidir. Dünyada dövlətlər süni zəka, mikroçiplər, nüvə energetikası, logistika qovşaqları və texnoloji ekosistemlərlə rəqabət aparırlar. Bizə isə fəxr etməyi təklif edirlər ki, Ermənistan əriki Avropaya çatıb”, - deyə Davtyan vurğulayıb.
O qeyd edib ki, ərik Ermənistan mədəniyyətinin mühüm simvollarından biridir, lakin dövlətin xarici iqtisadi əlaqələrinin əsas simvoluna çevrilməsi doğru yanaşma deyil.
“Ərik gözəl məhsuldur və Ermənistan mədəniyyətinin vacib rəmzidir. Bu təşəbbüsün siyasi məqsədləri də aydındır. Lakin dövlətin xarici iqtisadi əlaqələrinin mərkəzində yalnız ərik dayanırsa, ölkə istər-istəməz sənaye, texnologiya və mühəndislik potensialına malik dövlət kimi deyil, aqrar ucqar bölgə kimi təqdim olunur”, - deyə professor bildirib.
Davtyanın fikrincə, ən diqqətçəkən məqam yayılan fotoşəkildir.
“Ən çox danışan məhz həmin fotodur. Bu foto əslində avropalıların Ermənistanı necə qəbul etdiyini əks etdirir. Eyni şəkli erməni fermerlə çəkmək olardı, amma infrastruktur naziri ilə yox. Siyasətdə simvollar bəzən rəsmi bəyanatlardan daha çox şey deyir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az