“M1 Abrams” tankı niyə bu qədər uzun müddət xidmətdə qalıb?

2026/02/fgdf7-1771318906.jpg
Oxunub: 245     18:38     28 İyun 2026    
“Abrams” tankı yaşlı olmasına və pilotsuz uçuş aparatları kimi təhdidlər qarşısında artan həssaslığına baxmayaraq, davamlı modernləşdirmələr sayəsində müasir döyüş meydanında aktuallığını qoruyub saxlayır.

ABŞ ordusunun əsas döyüş tankı olan “M1 Abrams” artıq yarım əsrə yaxındır ki, xidmətdədir. O, ilk dəfə ötən əsrin 70-ci illərində hazırlanıb və 1980-ci ildə, Ronald Reyqan prezidentliyə namizəd olduğu vaxt istismara qəbul edilib.

Tankın modernləşdirilmiş modeli olan M1A1 altı il sonra konveyerdən çıxıb. Bu dövr Tom Kruzun filmdə canlandırdığı F-14 qırıcı təyyarəsini məşhurlaşdırdığı “Top Gun” filmi ilə eyni illərə təsadüf edib.

“Abrams” əvvəlcə Avropada Sovet İttifaqı ilə mümkün ənənəvi müharibə üçün nəzərdə tutulsa da, ilk real döyüş təcrübəsini yalnız 1991-ci ildə İraq səhralarında qazanıb və sovet istehsalı T-72 tanklarını yüksək effektivliklə məhv edib.

“M1 Abrams” tankının texniki göstəriciləri:

İstismara qəbul edildiyi il: 1980
İstehsal sayı: 10.000-dən çox (bütün variantlar üzrə)
Uzunluq: 7,93 m
Döyüşə hazır kütlə: 60 qısa ton (54 ton)
Asqı sistemi: burulma çubuqları (fırlanan amortizatorlar)
Mühərrik: “Honeywell” AGT1500 çoxyanacaqlı turbin mühərriki (1.500 at gücü)
Maksimal sürət: şossedə təxminən 72 km/saat
Yürüş məsafəsi: şossedə təxminən 426 km


Silahlanma:

105 mm yivli top (M1) və ya 120 mm yivsiz top (M1A1 və sonrakılar)
Bir 12,7 mm pulemyot
İki 7,62 mm M240 pulemyotu


Ekipaj: 4 nəfər (komandir, sürücü, tuşlayıcı, doldurucu)

ABŞ ordusuna “M1 Abrams” niyə lazım idi?

Tank mərhum general Kreyton V. Abramsın şərəfinə adlandırılıb. O, ABŞ ordusunun Baş Qərargah rəisi və 37-ci Zirehli Taborun komandiri olub. M1 və onun variantları 45 ildən artıq müddətdə “United States Army” zirehli qüvvələrinin əsasını təşkil edir.

“Abrams”ın uzunömürlülüyü diqqətəlayiq sayılır, çünki ABŞ ordusu onun yaradılmasından əvvəl onilliklər ərzində effektiv tank hazırlamaqda çətinlik çəkib.

İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ ordusu yüngül, orta, ağır və əsas döyüş tankları daxil olmaqla təxminən 15-20 fərqli model hazırlayıb. 1980-ci ilə qədər əsasən M60 tankına arxalanırdı. Bu tank qeyri-rəsmi olaraq “Patton” kimi tanınsa da, rəsmi təyinatı belə olmayıb.

Bu dövrün böyük hissəsində ABŞ tank texnologiyasında Sovet İttifaqından geri qalan tərəf kimi qiymətləndirilirdi. Sovet hərbi doktrinası quru qoşunlarına üstünlük verirdi və Kremlin Soyuq müharibə boyunca getdikcə daha effektiv əsas döyüş tanklarının hazırlanmasına böyük resurs ayırırdı.

M60 tankının çatışmazlıqları 1960-cı illər və 1970-ci illərin əvvəlində baş verən müharibələr zamanı aydın göründü. Xüsusilə 1967 və 1973-cü illər Ərəb-İsrail müharibələrində, həmçinin 1965 və 1971-ci illər Hindistan-Pakistan müharibələrində bu tank köhnə sovet istehsalı T-54/55 və T-62 modellərinə qarşı qənaətbəxş nəticə göstərsə də, T-64 kimi yeni modellər qarşısında ciddi zəiflik nümayiş etdirirdi.

Bu səbəbdən M1 “Abrams” zirehli birləşmələr üçün daha yüksək mobil atəş gücü təmin etmək, qarşısına çıxan istənilən zirehli döyüş texnikasını məhv etmək və ekipajı mümkün bütün döyüş şəraiti və mühitlərdə qorumaq məqsədilə ABŞ ordusunun tank proqramında böyük sıçrayış kimi layihələndirildi. Tank istənilən hava şəraitində, gecə və gündüz döyüş aparmaq imkanına malik idi.

“Abrams” ilk döyüşdən əvvəl on il ərzində təkmilləşdirildi

Silah sistemləri adətən döyüş təcrübəsinə əsasən modernləşdirilir, lakin bu, M1 “Abrams” üçün belə olmayıb. Tank 1980-ci ildə istismara qəbul edildikdən sonra döyüşə girməzdən əvvəl on il ərzində təkmilləşdirildi.

İlk əsas silahı 105 mm L/52 M68A1 yivli top idi. Bu top həmin dövr üçün güclü sayılsa da, qısa müddətdə yetərsiz hesab edildi. 1985-ci ildə M1A1 versiyası ilə modernləşdirmə aparıldı. Bu variant bir qədər daha uzun və ağır idi və daha güclü 120 mm L/44 M256A1 yivsiz topla silahlandırıldı. Həmçinin asqı sistemi, zireh mühafizəsi və nüvə, kimyəvi, bioloji mühafizə sistemi də təkmilləşdirildi.

Əlavə sistemlər tankın kütləsini artırdı və maksimal sürəti azaltdı, lakin buna baxmayaraq, o döyüşdə qarşılaşdığı bütün texnikadan üstün qaldı.

1991-ci ildə Küveytin azad edilməsi əməliyyatında iştirak etmək üçün Səudiyyə Ərəbistanı səhralarına 1.848 ədəd M1A1 göndərildi. Qumlu şərait və məhdud texniki xidmət narahatlıq doğursa da, “Abrams” İraq ordusunun istifadə etdiyi T-55, T-62 və hətta T-72 tanklarından xeyli üstün oldu. Müharibə zamanı yalnız 18 tank döyüş zədəsi səbəbilə sıradan çıxarıldı, 9-u isə tam itirildi. Ən vacibi, ekipaj üzvləri arasında döyüş itkisi qeydə alınmadı.

Körfəz müharibəsindən sonra yenidən modernləşdirmə

Tank 1990-cı illərin əvvəlində M1A2 variantı ilə yeniləndi. Bu versiyada komandir üçün müstəqil termal müşahidə sistemi, yenilənmiş silah stansiyası, daxili diaqnostika və daha qabqcıl atəşi idarəetmə sistemi tətbiq edildi.

M1A1 1991-ci il Körfəz müharibəsində, M1A2 isə “Operation Iraqi Freedom” zamanı yüksək effektivlik göstərsə də, dəyişən döyüş mühiti yeni tələblər irəli sürdü. Buna görə M1A2 üçün SEP modernləşdirmə paketləri tətbiq edildi. Bu paketlərə daha güclü mikroprosessorlar, rəngli düz panel ekranlar, geniş yaddaş, daha yaxşı “əsgər-maşın” interfeysi və açıq əməliyyat sistemi daxil idi.

Daha sonra “SEPv3” versiyası ilə əlavə təkmilləşdirmə aparıldı. Bu modernləşdirmə yer, kütlə və enerji ilə bağlı problemlərin aradan qaldırılmasına yönəldi və sonrakı yeniləmələr üçün baza rolunu oynadı.

“SEPv3” çərçivəsində elektrik ehtiyat gücü artırıldı, texniki vəziyyətə nəzarət sistemləri, minaya və əldəqayırma partlayıcı qurğulara qarşı inteqrasiya olunmuş mühafizə, səssiz müşahidə üçün köməkçi enerji qurğusu, daxili təlim sistemi və sursat məlumat bağlantısı tətbiq edildi. Bu variant ən etibarlı “Abrams” kimi qiymətləndirildi və logistika yükünü azaltdı.

“Abrams”ın gələcəyi

Ukrayna müharibəsi tank döyüşü ilə bağlı bir çox ənənəvi təsəvvürləri dəyişdirdi. Müharibənin əvvəlində Rusiya tankları ön xəttə çıxarsa da, aşağı qiymətli vasitələr, xüsusilə FGM-148 “Javelin” tank əleyhinə raketləri və pilotsuz uçuş aparatları vasitəsilə böyük itkilər verdi. Pilotsuz uçuş aparatları tankı uzaqdan müşahidə edib zirehin ən zəif hissəsinə, əsasən yuxarı səthə zərbə endirə bilir.

Ekipajlar əlavə zireh, tor konstruksiyalar və digər müvəqqəti həllər tətbiq edir, həmçinin taktikanı dəyişərək daha uzaq məsafədən fəaliyyət göstərir və möhkəmləndirilmiş mövqelərdən istifadə edir.

ABŞ ordusu bu təcrübəni nəzərə alaraq modernləşdirmə proqramını dəyişdi. 2023-cü il sentyabrın ayında M1A2 “SEPv4” layihəsinin dayandırıldığını və diqqətin M1E3 modelinə yönəldildiyini açıqladı. Məqsəd 2040-cı illər və sonrakı dövr üçün yararlı qalacaq yeni nəsil tank yaratmaqdır.

Onilliklər ərzində aparılan modernləşdirmələr zireh və avadanlığın artması hesabına kütləni yüksəldib. İlk M1 modelləri 67,6 ton olduğu halda, hazırkı variantlar 73 tondan artıqdır.

M1E3 prototipi ötən ay “Detroit Auto Show” sərgisində nümayiş etdirildi.

Yeni nəsil “Abrams” 120 mm M256 əsas topunu saxlayır, yenidən işlənmiş qüllə və xarici sensor blokları ilə təchiz olunur. Bu sensorlar sürücüyə yardım, avtonom hərəkət və daha yaxşı situasiya məlumatlılığı təmin edə bilər. Şassidə LED işıq elementləri də yerləşdirilib.

Nümayiş etdirilən nümunə prototip olduğu üçün yekun quruluş və imkanlar dəyişə bilər. Bununla belə, daha yüngül və daha qabiliyyətli əsas döyüş tankı konsepsiyasına keçid “Abrams”ın hələ uzun illər xidmətdə qalacağını göstərir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: M1-Abrams   ABŞ   Tank  


Bizi "telegram"da izləyin