Erməni ekspert: “Yeni təsir zonalarının bölüşdürülməsi Cənubi Qafqaz ölkələrinin hansı blokda qalacağını müəyyən edəcək”

2026/06/1782283485.jpg
Oxunub: 234     15:54     29 İyun 2026    
“İran və Ukrayna müharibələrinin yekunu yeni dünya nizamının formalaşmasına gətirib çıxaracaq. Məhz bundan sonra Cənubi Qafqaz ölkələrinin hansı təsir dairəsində qalacağı aydın olacaq”.

Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Siyasi İnstitutlar və Proseslər kafedrasının müdiri, siyasi elmlər doktoru, erməni professor Qarik Keryan deyib.

Erməni ekspert Ermənistanda 2026-cı il iyunun 7-də keçirilən seçkilərdən əvvəl və sonra hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələrinin “Şimaldan Ermənistana qarşı hibrid müharibə” barədə bəyanatlarını və Ermənistan-Rusiya münasibətlərinin gələcəyini şərh edib.

Keryanın sözlərinə görə, Rusiyanın gələcəkdə regiondan tamamilə sıxışdırılıb çıxarılması ehtimalı barədə danışmaq hələ tezdir.

“Mən belə bir tendensiyanın mövcud olduğunu görürəm, lakin bunun artıq dominant xəttə çevrildiyini və mütləq bu ssenarinin reallaşacağını söyləyə bilmərəm. Ermənistan və ümumilikdə Cənubi Qafqazla bağlı proseslər ilk növbədə İran və Ukrayna müharibələrinin necə başa çatacağından asılıdır”, - deyə o bildirib.

Erməni politoloq hesab edir ki, hər iki münaqişənin nəticələri qlobal siyasi sistemin gələcək konturlarını müəyyənləşdirəcək.

“Bu iki müharibənin sonu yeni dünya nizamının formalaşmasına səbəb olacaq. Həmin sistemdə əsas aktorlar ABŞ, Çin və Rusiya olacaq. Təbii ki, onların rolu eyni olmayacaq. Rusiya daha zəif mövqedə olacaq, ABŞ və Çin isə daha güclü təsir imkanlarına sahib olacaqlar. Mən əminəm ki, belə üçmərkəzli dünya sistemi nəticə etibarilə yeni razılaşmaların, maraq və təsir zonalarının yenidən bölüşdürülməsinin yaranmasına gətirib çıxaracaq”, - deyə Keryan qeyd edib.

Erməni ekspert vurğulayıb ki, məhz həmin yeni bölgü Cənubi Qafqazın gələcəyini müəyyənləşdirəcək.

“Maraq və təsir zonalarının yeni sərhədlərinin müəyyənləşdirilməsi eyni zamanda Cənubi Qafqaz ölkələrinin hansı təsir dairəsində qalacağı sualına da cavab verəcək. Bu məsələ hələ açıq qalır və hazırda heç kim onun yekun cavabını verə bilməz”, - deyə o bildirib.

Keryanın fikrincə, Ermənistanın gələcək geosiyasi mövqeyi də məhz həmin qlobal razılaşmalardan asılı olacaq.

“Əgər Ermənistan Rusiyanın təsir dairəsindən çıxarılarsa, bu halda regiondakı Rusiya mövcudluğu minimum səviyyəyə endiriləcək. Əgər geosiyasi bölgü elə formalaşarsa ki, Ermənistan yenidən Rusiya təsir zonasında qalsın, o zaman ölkənin Avrasiya yönümlü strukturlarda, xüsusilə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakı yenidən daha aydın və fəal xarakter alacaq”, - deyə erməni ekspert vurğulayıb.

O bildirib ki, bu məsələlərə dair dəqiq nəticə çıxarmaq üçün hələ vaxt lazımdır.

“Biz İran və Ukrayna müharibələri başa çatmadan bu sualın dəqiq cavabını ala bilməyəcəyik. Yeni dünya nizamının necə formalaşacağı birbaşa həmin müharibələrin nəticələrindən asılıdır. Bu gün Ukrayna böhranının necə yekunlaşacağını bilmirik. Eyni zamanda İranın regiondakı gələcək rolunu da tam müəyyən etmək mümkün deyil”, - deyə Keryan qeyd edib.

Eerməni ekspert bəzi mütəxəssislərin İranın Yaxın Şərqdə dominant gücə çevrilə biləcəyi ilə bağlı fikirlərinə də toxunub.

“Hazırda elə ekspertlər var ki, onlar İranın Yaxın Şərqin bir nömrəli regional gücünə çevriləcəyini düşünürlər. Bu yanaşma onun qonşuları üzərində artan təsir imkanları ilə izah olunur. Lakin burada başqa suallar da yaranır. Məsələn, NATO-nun cənub cinahının ən güclü dövləti olan Türkiyə İranın belə bir rolunu qəbul edəcəkmi? Bu sualların cavabını görmək üçün ən azı daha bir il gözləmək lazım gələ bilər”, - deyə o bildirib.

Keryan əlavə edib ki, regionun gələcəyində Avropa İttifaqının da müəyyən rolu qalacaq.

“Avropa İttifaqının ABŞ ilə əməkdaşlıq şəraitində regionda təsir imkanlarını qoruyub saxlaması mümkündür. Eyni zamanda müəyyən geosiyasi şəraitdə Türkiyə də NATO müttəfiqi kimi Cənubi Qafqazda üstün mövqe əldə edə bilər”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, yeni dünya düzənində digər güc mərkəzləri də öz mövqelərini qoruyacaqlar.

“Əlbəttə, Avropa İttifaqı, Hindistan, Braziliya və digər aktorlar da öz təsirlərini saxlayacaqlar. Sadəcə onlar ABŞ və Çin kimi birinci xətt oyunçuları olmayacaqlar. Üçmərkəzli sistem daxilində onlar ya alt sistemlər, ya müttəfiqlər, ya da regional müstəqil güc mərkəzləri kimi fəaliyyət göstərəcəklər”, - deyə Keryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keryan   Ermənistan   Qafqaz  


Bizi "telegram"da izləyin