Danimarka Hörmüz boğazına hərbi personal göndərəcək

2026/06/1782722658.jpg
Oxunub: 224     12:41     29 İyun 2026    
Danimarka parlamenti Hörmüz boğazına hərbi personal göndərilməsi barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, danimarkalı deputatlar sürətləndirilmiş prosedur çərçivəsində baxılan qanun layihəsini iyunun 25-də keçirilən səsvermədə təsdiqləyiblər.

DR telekanalının məlumatına görə, Danimarkanın missiyaya töhfəsi təxminən 10 nəfərlik hərbi qrupun bölgəyə göndərilməsini nəzərdə tutur.

Qrupun tərkibinə qərargah zabitləri, pilotsuz uçuş aparatlarının texniki xidmət üzrə mütəxəssisləri və hərbi tərcüməçilər daxil olacaq.

Bundan əlavə, Danimarka missiya çərçivəsində yerləşdiriləcək qüvvələrin informasiya təhlükəsizliyini təmin etmək üçün öz kibertəhlükəsizlik mütəxəssislərini də bölgəyə göndərəcək.

Kopenhagen administrasiyası göndəriləcək personalı hazırda Hörmüz boğazında fəaliyyət göstərən iki beynəlxalq missiyanın tərkibinə inteqrasiya edəcək.

Bunlar Avropanın çoxtərəfli hərbi missiyası və Avropa İttifaqının dəniz əməliyyatıdır.

Bildirilib ki, qüvvələrin bölgəyə yerləşdirilməsində əsas məqsəd Hörmüz boğazı və qonşu Qırmızı dənizdə dəniz təhlükəsizliyinin gücləndirilməsi, eləcə də gəmiçiliyin sərbəst hərəkətinin təmin edilməsidir.

Parlamentdə keçirilən səsvermədə siyasi partiyaların böyük əksəriyyəti hökumətin təşəbbüsünü dəstəkləyib.

Bununla yanaşı, Danimarka Xalq Partiyası, Qırmızı-Yaşıl Alyans, Vətəndaşlar Partiyası və iki müstəqil deputat qərarın əleyhinə səs verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Hörmüz  


Bizi "telegram"da izləyin