İyunun 26-da Belarus Prezidenti “işgüzar səfərlə” Rusiyaya gəlib. Rusiya Prezidenti Vladimir Putin onu Tver vilayətində yerləşən “Valday” iqamətgahında qəbul edib. Putin-Lukaşenko danışıqları təkbətək formatda keçirilib və növbəti gün də davam edib. Bu barədə TASS agentliyinə Rusiya Prezidentinin mətbuat katibi Peskov məlumat verib.
Rusiya və Belarus prezidentlərinin iki gün davam edən görüşləri mətbuatda işıqlandırılmayıb, hətta protokol xarakterli foto və ya videogörüntü də yayımlanmayıb. Tərəflər danışıqların nəticələri ilə bağlı rəsmi məlumat da yaymayıblar.
Məlumdur ki, Rusiyaya yola düşməzdən əvvəl Lukaşenko Minskdə Rusiya səfiri Qrızlovu və Moskva vilayətinin qubernatoru Vorobyovu qəbul edib. Bu barədə BELTA rəsmi agentliyi təkcə mətn şəklində məlumat deyil, həm də videogörüntü yayımlayıb. Lukaşenko bəyan edib ki, onun ölkəsinə “sülh və yalnız sülh lazımdır”.
Lukaşenkonun “böyük səfərinin” coğrafiyası olduqca diqqətçəkicidir. İyunun 17-də Moskvada Rusiya-ASEAN sammiti keçirilib. ASEAN Cənub-Şərqi Asiya ölkələrini birləşdirən iqtisadi əməkdaşlıq təşkilatıdır. Ehtiyatla ehtimal etmək olar ki, Lukaşenko Ukrayna müharibəsinə cəlb olunmaqla bağlı “təklifi rədd edib”. Onun “böyük səfəri” barədə hələlik qeyri-rəsmi məlumatın yayılması da “Aleksandr Qriqoryeviçin Vladimir Vladimiroviçin əlaltısı olmadığı” təəssüratını formalaşdırmaq məqsədi daşıyır.
“Birincinin Poolu” teleqram kanalı əmin edib ki, Şərqi və Cənub-Şərqi Asiyanın “üç ölkəsinə səfərlərdən” əvvəl “geniş hazırlıq işləri aparılıb”. Xüsusilə vurğulanıb ki, Belarus “çoxşaxəli xarici siyasət yürüdür”. Rəsmi mənbələr hələlik Belarus Prezidentinin səfəri və onun hazırda olduğu yer barədə məlumat yaymayıblar.
Asif Cəfərov
Ordu.az